İlham Əliyevin İstanbuldan verdiyi 3 mesaj

İlham Əliyevin İstanbuldan verdiyi 3 mesaj
  24 May 2016    Oxunub:4625
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il başlayandan faktiki hər ay bu və ya digər səbəblə Türkiyədə səfərdə olub. Türkiyə və Azərbaycan prezidentlərinin dostluğu getdikcə güclənir. Təsadüfi deyil ki, mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qatılan onlarla lider şəkil çəkdirərkən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir tərəfindən BMT baş katibi Pan Gi Mun, digər tərəfində İlham Əliyev dayanmışdı. Bu Ərdoğanın Əliyevlə və Azərbaycanla münasibətlərə verdiyi önəmdən irəli gəlir.

AzVision.az-ın məlumatına görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, prezident İlham Əliyevin sammit çərçivəsində ikitərəfli görüşlər keçirdiyini xatırladıb: “Əliyevin Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ oldu. Böyük ehtimalla bu müzakirəyə daha çox Ərdoğanın ehtiyacı olub. Çünki Ərdoğan ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdikləri görüşün detalları haqqında məlumat almaq istəyə bilərdi.

İlham Əliyev İstanbulda Ukrayna prezidenti Pyotr Poroşenko ilə də görüşdü. Azərbaycan və Ukrayna prezidentləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüblər. Budəfəki görüşün əsas məqsədi Ukrayna prezidentinin Azərbaycana səfərini müzakirə etmək idi. Böyük ehtimalla Poroşenko 2016-cı ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək”.



E.Şahinoğlunun fikrincə, prezident İlham Əliyevin Dünya Humanitar Sammitindəki çıxışını 3 hissəyə bölmək olar:

“İlham Əliyev çıxışının birinci hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Azərbabaycan prezidenti tədbirdə BMT baş katibinin iştirakından istifadə edərək (Bakıdakı Qlobal Foruma gəlməkdən son anda vaz keçmişdi) öz iradını çatdırdı. İrad bundan ibarət idi ki, BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra edilir, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnaməsi 22 ildir yerinə yetirilmir.

İlham Əliyevin çıxışının ikinci hissəsində diqqəti Ermənistanda yerləşən “Metsamor” atom elektrik stansiyasına yönəltdi. Ümumiyyətlə son həftələr rəsmi Bakı bu mövzunu beynəlxalq aləmdə aktuallaşdırmağa çalışır. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş “Metsamor” atom elektrik stansiyası bölgə üçün təhlükə mənbəyidir, ikinci Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. İkinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti atom elektrik stansiyasının tullantılarından “çirkli bomba” hazırlaya bilər və bu haqda siqnalların sayı getdikcə çoxalır.

İlham Əliyevin çıxışının üçüncü hissəsi Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi. Yəni Azərbaycan dövlət başçısı dünyaya bu mesajı verdi ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınlarının varlığını da unutmamalıdır”.

Politoloqun sözlərinə görə, ölkə başçısının İstanbuldakı çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən oncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər. Çünki, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti