“Konfliktlər gözlənilən idi”

“Konfliktlər gözlənilən idi”
  25 İyul 2013    Oxunub:1081
Müsavat Partiyası ilə Rəsul Quliyev arasında başlayan söz atışması səngimək bilmir. Müsavat Partiyası başqanının müavini Arif Hacılı eks-spiker Rəsul Quliyevi satqın, vaxtilə ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam kimi qələmə verib. Rəsul Quliyev isə ,Arif Hacılıya cavabında belə deyib : “Bu adam Molla Nəsrəddin kimi eyni daşı uşaq vaxtı qaldıra bilmədiyi kimi, indi də qaldıra bilmir, yəni dəyişməyib, bütün elementləri ilə gənc qalıb”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Arif Hacılı ilə Rəsul Quliyev arasındakı söz savaşını şərh edib:

“Mən Milli Şuranın üzvü deyiləm. Buna görə də Milli Şura ilə bağlı fikir bildirməyə heç bir marağım yoxdur. Bir ekspert kimi deyə bilərəm ki, Mili Şurada lider özü təsisçiləri müəyyən edib. Təsisçilər də liderə görə ora toplaşıblar. Hər bir təşkilat üçün iki cür bağlılıq olmalıdır. Biri şaqüli bağlılıq, yəni liderə bağlılıq, digəri isə müttəfiq olduqları həmfikirlərinə bağlılıq. Burada təşkilatlanma prinsipi pozulduğuna görə, üfüqi bağlılıq yoxdur. Yəni, Rüstəm İbrahimbəyovu qəbul etsələr də, bir-birlərini qəbul etmirlər. Əsas konfliktin də səbəbi budur” .

S.Cəlaloğlu qeyd edib ki, həm Rəsul Quliyevin, həm də Arif Hacılının siyasi məqsədləri fərqlidir : “Mili Şuraya toplaşan qüvvələrin böyük əksəriyyəti boykotun tərəfdarları olanlardır. Orada yalnız İsa Qəmbər seçkinin tərəfdarı kimi çıxış edir. Əvvəlcədən məlum idi ki, Rüstəm İbrahimbəyovun problemləri, qanunla qeydiyyata alınmasında əngəllər var. Ola bilsin ki, başqa əngəllər də çıxdı. Rüstəm İbrahimbəyovun seçkidə iştirak etmə ehtimalının az olduğu bilinirdi. Deməli, burada daha çox ehtimal boykot olur. İsa Qəmbərin namizədliyini verməsi boykot tərəfdarlarının ideyasına ziddir deyə, boykot tərəfdarları İsa Qəmbərə hücum edir. Boykot tərəfdarları deyir ki, İsa Qəmbər namizədliyini verməsin, onsuz da Rüstəm İbrahimbəyov qeydiyyata alınmayacaq, Mili Şura seçkiləri boykot etsin. Əvvəldən bu konfliktlərin olacağı gözlənilirdi. Hər ikisini Rüstəm İbrahimbəyov seçsə də, onlar mütəffiqilikdə bir-birlərini seçməyiblər. Rəsul Quliyev boykotun , Müsavat iştirakın tərəfdarıdır. Bu iki səbəb konfliktin yaranmasına zəmin yaradır“.-deyə S.Cəlaloğlu əlavə edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti