AZAL –dan İbrahimbəyova xəbərdarlıq

AZAL –dan İbrahimbəyova xəbərdarlıq
  25 İyul 2013    Oxunub:958
Milli Şuranın sədri, birləşmiş müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gələcəyi gün hava limanının mühafizə xidməti gücləndirilmiş iş rejiminə keçiriləcək, aeroportda qarşıdurma, gərginlik və qeyri-qanuni hərəkətlərin olmaması üçün, təhlükəsilik məqsədilə müvafiq əlavə tədbirlər görüləcək.

“Aeroport strateji əhəmiyyətli obyektdir. Onun ərazisində hansısa aksiyaların keçirilməsi qanunazidd əməldir. AZAL rəhbərliyi isə buna əsla yol verməyəcək” - deyə hava limanının adının çəkilməsini istəməyən yüksək rütbəli əməkdaşı virtual.az-a bildirib.

Qeyd edək ki, Milli Şuranın sədri R.İbrahimbəyov Bakıya iyulun 31-də günorta Tiflis-Bakı aviareysi ilə gələcək. Bu xəbəri Milli Şuradan da təsdiqləyərək qeyd ediblər ki, qurum üzvləri öz liderlərini təntənəli şəkildə qarşılamağa hazırlaşırlar. Çoxlu sayda insanın İbrahimbəyovun qarşılanması üçün hava limanına gedəcəyi söylənilir. Bu barədə son günlərdə İbrahimbəyov tərəfdarlarının sosial şəbəkələrdə yazdıqları statuslar da çoxalıb. Onlar da prezidentliyə vahid namizədi qarşılamaq üçün hava limanına gedəcəklərini yazırlar.

Milli Şura Aparatının sədri Eldar Namazov deyib ki, R.İbrahimbəyov özünün Rusiya pasportunu artıq təhvil verib və Rusiyanın müvafiq qurumları onu yaxın günlərdə vətəndaşlıqdan məhrum edəcəklər. Bununla da müxalifətin vahid namizədinin qeydə alınmasının qarşısında dayanan sonuncu maneə də aradan qalxacaq. Amma AZAL rəhbərliyinin xəbərdarlığı göstərir ki, maneələrin aradan qalxamasına hələ çox var...


Teqlər:





Xəbər lenti