Yıldırım Türkiyə üçün nə edə bilər? - ŞƏRH

Yıldırım Türkiyə üçün nə edə bilər? - ŞƏRH
  27 May 2016    Oxunub:2922
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə ölkənin Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Baş nazir Binəli Yıldırımın təqdim etdiyi siyahıda Davudoğlunun komanda üzləri ilə yanaşı, yeni şəxslər də yer alıb.
Ərdoğanın xeyir-duası ilə Türkiyə hökuməti artıq yeni komanda ilə fəaliyyətini davam etdirir:

Baş nazir: Binali Yıldırım
Baş nazirin köməkçiləri: Nurettin Canikli, Numan Kurtulmuş, Tuğrul Türkeş, Veysi Kaynak
Ədliyyə naziri: Bəkir Bozdağ
Ailə və sosial siyasət naziri: Fatma Betül Sayan Kaya
Avropa Birliyi naziri: Ömər Çelik
Elm, sənaye və texnologiya naziri: Faruk Özlü
Əmək və sosial təhlükəsizlik naziri: Süleyman Soylu
Ətraf-mühit naziri: Məhmət Özhaseki
Xarici işlər naziri: Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri: Nihat Zeybekçi
Energetika və təbii sərvətlər naziri: Berat Albayrak
Gənclər və idman naziri: Çağtay Çılış
Qida, əkinçilik və hevandarlıq naziri: Faruk Çelik
Gömrük və ticarət naziri: Bülənt Tüfekçi
Daxili işlər naziri: Əfkan Ala
İnkişaf naziri: Lütfü Elvan
Mədəniyyət və turizm naziri: Nabi Avcı
Maliyyə naziri: Naci Ağbal
Təhsil naziri: İsmet Yılmaz
Müdafiə naziri: Fikri Işık
Meşə və su təsərrüfatı naziri: Veysel Eroğlu
Səhiyyə naziri: Rəcəb Akdağ
Dənizçilik və xəbərləşmə naziri: Əhməd Arslan



Binəli Yıldırımın yeni komandasının əsas hədəfləri nədən ibarətdir? Yeni komandanın əvvəlkindən fərqi nə olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Binəli Yıldırımın formalaşdırdığı yeni hökumət daha çox intizam məsələlərilə məşğul olacaq: “Əhməd Davudoğlu istefa verdikdən sonra Ərdoğan prezident olaraq öz statusunu artırmağı qarşısına hədəf qoyub. Yeni hökumətin qarşısında bir sıra problemlər var. Nə qədər iqtisadiyyatla məşğul olsalar da, Türkiyənin ciddi problemləri mövcuddur. İŞİD və PKK ilə mübarizə, qonşu dövlətlərlə münasibətlərin normallaşması və s. Yıldırımın çıxışında bu fikir var idi ki, düşmənlərin sayını azaltsın, dostların sayını artırsın. Bu çox böyük bir hədəfdir. Davudoğlunun dönəmində bunun tamamilə əksi oldu. Ona görə Yıldırım dediklərini edə biləcəksə, Türkiyənin xarici siyasətində müəyyən uğurlar əldə olunacaq. Əgər, o, qarşısına qoyduğu hədəflərə çata bilməyəcəksə, vəziyyət yenidən gərginləşəcək. B.Yıldırım həm də texnokrat, həm də mühəndis olaraq Türkiyə ilə bağlı böyük enerji, nəqliyyat layihələrini reallaşdırmağa və tamamlamağa çalışacaq”.



E.Şahinoğlu qeyd edib ki, Türkiyənin Avropa İttifaqı ilə münasibətləri son zamanlar yenidən gərginləşib: “Binəli Yıldıırm çox çalışmalıdır ki, bu münasibətləri gərginlik mərhələsindən çıxarsın. Bunu bacarıb-bacarmayacağı yaxın aylarda aydın olacaq. Rusiya-Türkiyə münasibətlərinə gəlincə, Rusiyanın əsas hədəfi Ərdoğandır. Doğrudur, Rusiya təyyarəsi Davudoğlunun dövründə vurulub. Hətta o, bəyan etdi ki, təyyarənin vurulması əmrini özü verib. Bu, Rusiyada müəyyən qıcıq yaratdı. Amma, o demək deyil ki, Yıldırımın gəlişi ilə Rusiya-Türkiyə münasibətləri ciddi surətdə normallaşacaq. Bu ölkələr arasında Suriya məsələsinə görə gərginlik qalır. Qeyd edim ki, Rusiyanın əsas hədəfi Ərdoğandır, onu təhqir, tənqid edirlər. Ona görə Türkiyədə baş nazirin kimliyinin Rusiya-Türkiyə münasibətlərinə böyük təsiri yoxdur”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, Davudoğlunun gedişindən sonra, hökumətin dəyişməsi, 8 nazirin uzaqlaşdırılması yaxşı hal deyil: “Eyni zamanda baş nazirin bəyanat verməsi ki, bizim əsas məqsədimiz başqanlıq təmin edilməsi istiqamətində çalışmaq olacaq. Bu yeni baş nazirin ölkənin iqtisadi baxımdan sürətli inkişafı ilə deyil, daha çox siyasi məsələlərə diqqəti cəlb edəcəyi və ölkənin siyasi sisteminin dəyişdirilməsi ilə məşğul olacağını göstərir”.



Q.Hüseynli deyib ki, hazırda Türkiyədə hər şey Ərdoğanın prezident üsul idarəsinin bərqərar edilməsinə yönəldilib: “Yeni hökumətin fəaliyyətində də əsas məsələlərdən biri bu məsələ olacaq. Buna qarşı ölkənin müxalifət partiyaları etiraz edir. Onlar ölkənin siyasi sisteminin dəyişdirilməsinə imkan verilməyəcəyini bəyan edirlər. Bu, ölkəni qarşıdurmaya apara bilər. Türkiyədə qütbləşmə hiss olunur. Hesab edirəm ki, Türkiyə yaxın 4-5 ay ərzində əsas diqqətini siyasi qarşıdurmalara, mübarizəyə yönəldəcək”.

Politoloq qeyd edib ki, hazırda Türkiyədə iqtisadi göstəricilərin pisləşməsi prosesi gedir: “Ölkəyə turizm axını xeyli azalıb. Türkiyəyə turizmdən gələn gəlir 18 milyard dollar yaxın idi. Bu il göstərici yarıbayarı azalacaq. Başqa sahələrdə də iqtisadi göstəricilər əvvəlki illərə nisbətən ürəkaçan deyil. Belə şəraitdə diqqəti ölkənin iqtisadi və zəruri ehtiyaclarına yönəltmək əvəzinə, o qədər də məqsədə uyğun olmayan siyasi mübarizəyə yönəltmək Türkiyənin milli maraqlarına cavab vermir”.

Q.Hüseynli bildirib ki, yeni hökumətin dövründə də Rusiya ilə münasibətlər normallaşmayacaq: “Əsas məsələ Avropa İttifaqı ilə olan münasibətlərdir. Təmaslarda gərginləşmə hiss olunur. Bu məsələdə ölkə prezidentinin bəyanatları o qədər də konstruktiv rol oynamır. Bir sözlə, xarici siyasətdə münasibətlər o qədər də xoş istiqamətdə getmir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti