NATO-da Qarabağ müzakirə ediləcək

NATO-da Qarabağ müzakirə ediləcək
  27 May 2016    Oxunub:1919
Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Kamran Bayramov qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 27-dən iyunun 1-dək Albaniyanın paytaxtı Tirana şəhərində səfərdə olacaqlar.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, yaz sessiyası çərçivəsində qurumun Təhlükəsizliyin mülki ölçüsü, İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Müdafiə və təhlükəsizlik, Elm və texnologiya komitələrində dünyadakı vəziyyətin ən aktual məsələlərinə diqqət yetiriləcək. Plenar iclasda NATO PA-nın prezidenti Maykl R. Turner çıxış edəcək.

NATO PA-nın Siyasi komitəsində Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxış edəcək, aprel ayında Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş gərginlik və hazırkı durum barədə parlamentarilərə ətraflı məlumat verəcək.

Nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan tərəfinin hər gün atəşkəsi pozmasına, ardı-arası kəsilməyən təxribatlarına, qoşunların təmas xəttində terror aktları törədərək Azərbaycanın dinc əhalisinə ziyan vurmasına diqqət yönəldəcəklər.

Qurumun yaz sessiyasında terrorçuluğa qarşı mübarizədə Avroatlantik imkanların və əməkdaşlığın gücləndirilməsi, transatlantik təhlükəsizliyə büdcə təsirlərindən doğan yeni çağırışlar, yeni müdafiə imperativləri, Varşava üçün Uels öhdəliklərinin və perspektivlərinin həyata keçirilməsi, müttəfiqlərin hava desant qüvvələrinin gələcəyi və digər mövzularda baş məruzə layihələri təqdim olunacaq. Fikir mübadiləsi aparılacaq.

Sessiyada məruzəçilər Qərbi Balkanlarda Avropa və Avroatlantik inteqrasiya çağırışlarına, Liviyada qeyri-sabitliyə, Ukraynada müstəqilliyin qorunması və real islahatların həyata keçirilməsinə xüsusi diqqət yetirəcəklər. İqtisadi və təhlükəsizlik baxımdan miqrasiya böhranının nəticələri təhlil ediləcək. Çinlə tərəfdaşlıq məsələləri müzakirə olunacaq.
Dünyanın təhlükəsizliyi naminə İŞİD-ə qarşı beynəlxalq hərbi kampaniyaların aparılması, İranın nüvə sövdələşməsinə əməl edilməsi, NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyası, Fars körfəzində təhlükəsizliyin qorunması vacibliyi önə çəkiləcək.

Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun Albaniya parlamentinin spikeri İlir Meta və xarici işlər naziri Ditmir Buşati ilə görüşləri də nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti