`Erməni tələbələr Qarabağın qaytarılmasını istəyir` – MÜSAHİBƏ

`Erməni tələbələr Qarabağın qaytarılmasını istəyir` – MÜSAHİBƏ
  27 May 2016    Oxunub:7252
“1500 manat maaş versələr, Azərbaycanda işləyərəm”

AzVision.az-ın müsahibi Böyük Britaniyanın nüfuzlu Şeffild Universitetində sosiologiya ixtisası üzrə bakalavr təhsili alan və hazırda London İqtisadiyyat Məktəbinin magistrı olan 23 yaşlı azərbaycanlı gənc İnqilab Şahbazovdur.

- Öncə səni tanıyaq. İnqilab Şahbazov kimdir?

-Mən İnqilab Şahbazov 1993-cü ildə Naxçıvan şəhərində anadan olmuşam. Qafqaz Özəl Türk Liseyində təhsil almışam. İngiltərədə iki il müddətinə hazırlıq kursu keçmişəm. Qeyd edim ki, Kembric şəhərində yerləşən hazırlıq kollecində müxtəlif sahələr üzrə təhsil aldım. Daha sonra sosiologiya ixtisasını seçdim. Bu sahə diqqətimi daha çox cəlb edirdi. Nəhayət, sənədlərimi verdim və Böyük Britaniyanın Şeffild Universitetinə qəbul oldum. Bu universitetdə humanitar və mühəndislik ixtisasları üzrə mütəxəssislər hazırlanır. Orada bakalavr pilləsi üzrə təhsili almışam.

Hazırda London İqtisadiyyat məktəbində kriminalogiya, ədliyyə sistemi üzrə magistr təhsili alıram. Təhsilimi başa vurduqdan sonra burada bir-iki il işləyib, daha sonra isə doktrantura pilləsi üzrə təhsil almaq istəyirəm.

-Niyə məhz sosiologiya ixtisasını seçdin?

-Mən həmişə dövlət işində çalışmaq, insanlarla birbaşa ünsiyyət qurmaq istəmişəm. Bu baxımdan sosioloqlar diqqətimi özünə cəlb edirdi. Hazırlıq kollecində təhsil alan zaman sosiologiya müəllimim məni bu sahəyə həvəsləndirirdi. Ondan sonra sosiologiyaya marağım artdı.

Ümumiyyətlə, Bakıdan Londona gedəndə sosiologiya adını heç vaxt eşitməmişdim. Londonda bu sahənin tədris metodikası çox maraqlıdır. Tədricən bu sahəni sevməyə başladım. Apardığım təhlillərdən belə qənaətə gəldim ki, dövlət işində çalışanlar üçün sosiologiyanı bilmək vacibdir. Sosiologiya üzrə diplom alan gənc kadrlar Müdafiə, Ədliyyə və Daxili İşlər Nazirliklərində çalışa bilərlər. Bu sahəni seçməyimə baxmayaraq, politologiya və iqtisadiyyat sahələrinə də marağım yüksəkdir. Boş vaxtlarım olanda iqtisadiyyat üzrə tədqiqat işləri aparıram. Çalışıram ki, hərtərfli təhsil alım.

-İnqilab Şahbazov necə bir ailədə böyüyüb?

- Babam müəllim olub. O, təhsilin dəyərini hər kəsdən yaxşı bilirdi. Həmişə mənə deyərdi ki, “ay bala oxu, yaxşı təhsil al”. O, məndə təhsilə olan marağı artırırdı. İdmana da marağım var. Amma təhsilə olan marağım idmanı üstələyir. Valideynlərim mənə deyirdilər ki, çalış, dövlət işində işlə. Özün düşün və qərar ver. Biz sənə ancaq yön veririk, əmr vermirik. Validenlərim mənə belə bir istiqamət göstərməsəydilər, bəlkə də başqa yerlərdə olardım. Onlar hə zaman mənə dəstək olublar. Sosiologiyanı seçəndə valideynlərim buna sevindilər. İndi kriminologiya üzrə təhsil alıram.

-Necə oldu ki, İngiltərədə təhsil almağa qərar verdin?

-Əvvələr heç vaxt İngiltərəyə getməmişdim. Bizi məktəbdən turist kimi ora gəzintiyə aparmışdılar. Bir həftə ingilis dili kursu keçdik. Orta məktəbi bitirməyimizə az qalmışdı. Sinif yoldaşlarımla birlikdə xarici ölkələrdə təhsil proqramları ilə maraqlanmağa başladıq. İngitərədə təhsil hər birimizə uyğun idi. Sənədlərimizi ora verdik və qəbul olduq. Daha sonra birlikdə İngiltərəyə getdik. Amerika təhsil almaq üçün yaxşı məkandır. Məsafə çox uzaq olduğu üçün ora getmədik. Valideynlərim də Amerikada təhsil almağıma razı deyildilər. Ona görə də Londonu seçdim.

-Yaxşı təhsil almaq üçün nə lazımdır?



-Bu sualın çoxlu cavabı var. Təbii ki, pul da, tanış da olmalıdır. Düşünürəm ki, yaxşı təhsil almaq üçün insan birinci növbədə yaxşı yetişməlidir. Burada ailənin rolu yüksəkdir. Valideyn övladını yaxşı yetişdirirsə, bundan sonra pul amili əsas rol oynamağa başlayır. İndi təkcə dövlət hesabına deyil, öz hesabına da gedib xaricdə təhsil ala bilərsən.

Yaxşı təhsil alamaq üçün yaxşı seçim etmək lazımdır. Xaricə getməmişdən öncə oradakı təhsil sistemini, universitetləri və həyat şəraitini dərindən təhlil etmək lazımdır. Məsələn, sən İngiltərənin ən yaxşı universitetinə qəbul ola bilərsən, ancaq oranın mühiti sənə heç də uyğun olmaya bilər. Əgər sən mühitə uyğunlaşmasan, yaxşı təhsil ala bilməyəcəksən. Bu zaman insan psixoloji gərginlik keçirir, depressiyaya düşür və diqqəti təhsildən yayınır. Mənim xaricdə təhsil almağımda ingilis dilini bilməyimin rolu böyükdür. Məktəb vaxtlarından ingilis dilində yaxşı danışmağı bacarırdım. Kursada təhsil aldığım zaman Londona öyrəşmişdim. Bu baxımdan çətinliyim olmadı.

- 23 yaşlı gənc üçün İngiltərə ilə Azərbaycan arasında fərq nədən ibarətdir?

-Hər iki ölkə arasında mühit tamamilə fərqlidir. Mən hətta hər hansı bir oxşarlıq görə bilmirəm. Fundamental olaraq fərqli cəmiyyətlərdir. Ən azından onlar dövlət sistemi olaraq min illik quruluşa sahibdirlər. Dövlətçilik təcrübələri daha çoxdur. Məhz bu səbəbdən orada elə bir cəmiyyət yaradıblar ki, istənilən sahə inkişaf edib. Bu da insanların həyatına təsir edir. Ona görə insanlar başqa cür düşünürlər, gündəlik qayğılardan azaddırlar. Onlar kariyera, iş və cəmiyyətə fayda verməyi düşünürlər. Biz bir qədər fərqlidir. Bir qisim insan yalnız gündəlik qayğılarla məşğuldur. Gələcək üçün müəyyən yatırımlar etmirlər. İngilislər öz şəxsi inkişaflarına böyük investisiyalar qoyurlar. Bizdə pullar yalnız ehtiyacların ödənilməsinə sərf edilir. İnsanların düşünclərinin fərqli olmasının başlıca səbələrindən biri də bizin islam dininə, onların is xristian dininə ibadət etmələridir. Bu, cəmiyyətlərin fərqlənməsinə gətirib çıxarır. Britaniyada insalar daha sərbəstdirlər, istədiklərini edə bilirlər. Bu ölkədə ifrat liberallaşma meyillər mövcuddur.

-Yad ölkədə yaşamağın sözsüz ki, öz çətinlikləri də olur. Bu ölkədə hansı çətinliklərlə üzləşmisən?

-Mən bir neçə Avropa ölkəsində olmuşam. İngilislər gəlmələrə müsbət yanaşırlar. Orda olan azərbaycanlı dostlarım və mən heç bir diskriminasiya, mənfi hallarla rastlaşmamışıq. Sırf dəri rəngimizə, irqi, dini mənsubiyyətimizə görə heç bir çətinliklər yaşamırıq. İnsanlar bizə mehriban, dostcasına yanaşırlar. Londona gedən zaman mənim üçün yeganə problem hava idi. Orada olduqca qaranlıq hava mövcudddur. Qış aylarında səma tutqun və qaranlıq olur.

-Bəs, hədəflərin nədən ibarətdir?

- Magistraturanı bitirdikdən sonra bir-iki il burada işləmək istəyirəm. Daha sonra doktrantura təhsili almağı düşünürəm. Məqsədim sosiologiya sahəsi üzrə mütəxəssis, ekspert olmaqdır. Beyin mərkəzlərində işləmək istəyirəm.

- Azərbaycana qayıdıb, öz ölkəndə işləmək istəməzdinmi?

-Mən bu sahə ilə məşğul olan çoxlu sayda insanla ünsiyyətdə olmuşam. Onlar deyirlər ki, bizdə bu sahənin mütəxəssislərinə təlabat çox azdır. Bunun da obyektiv səbəbləri var. Təəssüf ki, İngiltərədə oxuyan biri burada iş tapmaqda çətinliklər çəkə bilər. Və yaxud iş tapsa belə, aldığı maaş onu qane etməyəcək. Bu baxımdan İngiltərədə işləmək daha məqsədəuyğundur. Bu yaxınlarda Bakıda bir müəllimlə ünsiyyətdə oldum. Məndən soruşdu ki, ixtisasın nədir. Dedim ki, sosioloqdur. O, məndən soruşdu ki, bu nə olan şeydir.

-Yəqin ki, İngiltərədə ermənilərlə tez-tez rastlaşırsan. Onlarla münasibətin necədir?

-Hazırlıq kursunda təhsil aldığım vaxt erməniləri tez-tez görürdüm. Onlar deyirdilər ki, Qarabağ münaqişəsi həll olunsun, bu qədər uzanmasın. Erməni tələbələr status-kvonun tərəfdarı deyillər. Onlar torpaqların Azərbaycana qaytarılmasının tərəfdarı olduqlarını bildirirdilər.

-Xaricdə təhsil alan azərbaycanlı tələblərin əsas problemləri nədir?



-Birinci problem mühitə uyğunlaşmaqdır. “Şeffild Azərbaycan Cəmiyyəti”nin (SAS) rəhbəri olduğum zaman görürdüm ki, tələbələr İngiltərəyə ilk dəfə ayaq basan zaman ingilislər demişkən “Cultural shok” (mədəni şok) yaşayırlar. Onlar başqa cəmiyyətə düşdükləri üçün özlərini yaxşı mənada itirirlər. Çox insan mühitə uyğunlaşa bilmədiyi üçün geri qayıdır.
İkinci problem gənclərin daha azad mühitə düşməsidir. Bu da qapalı mühitdə böyüyən insanlar üçün müəyyən problemlər yaradır. Təəssüf ki, bəzi tələbələr pis vərişlərə qurşanır, içki içirlər.

-İngiltərədə təhsil sistemində rüşvət varmı?

-İngiltərədə insanlar rahat şəkildə pullarını verib, diplom ala bilərlər. Ancaq, bunu etmirlər. Həmin şəxslər barəsində dərhal cinayət işi açıla bilər. Ümumiyyətlə, ingilislər qanunlardan qorxurlar. Valideynlər övladlarının təhsili üçün pul xərcləməyə xəsislik etmirlər. Çalışılar ki, övladları savadlı, dövlət üçün faydalı kadr olsun. Orada insanlar puldan çox, kariyeraya üstünlük verirlər. İngiltərədə irəli getməyin yeganə yolu yaxşı təhsildir.

-Azərbaycanda hansı dövlət qurumunda çalışmaq istərdin?

-Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışmaq istəyərəm. Bu sahədə çalışsam, insanların rifahı üçün fayda verəcəyimi düşünürəm.

-Ölkəmizdəki kriminoloji vəziyyəti necə dəyərləndirirsən?

-Düşünürəm ki, bəzi cinayətlər bizim ölkədə ifrat dərəcədə törədilir. Bu da cəmiyyətin inkişafına maneə olur. Məsələn, bıçaqlanma hadisələri bizdə olduca çoxdur. Şükürlər olsun ki, silahdan istifadə edərək törədilən cinayətlər azlıq təşkil edir. İntihar halları müyyən vaxtlarda artır. Bütün bunlar mənim tədqiqat işlərimdə öz əksini tapıb.

-Azərbaycanda nə qədər maaşla çalışmaq istərdin?

-Düşünmürəm ki, İngiltərədə təhsil alan və o mühiti görən biri gəlib Azərbaycanda 300 manat maaşla çalışar. 6 il xaricdə əziyyətlə təhsil aldıqdan sonra burada 300 manatlıq maaş almaq bütün bu əziyyətləri yerə vurmaq deməkdir. Əmək haqqı ilə yanaşı iş mühitinin də yaxşı olması əsas şərtdir. İnsan xaricdə təhsil alır ki, gəlib istədiyi işlə məşğul olsun, normal maaş alsın. Maaş ən azı 1000-1500 manat olmalıdır. Fikrimcə, 1500 manat xaricdə təhsil almış tələbə üçün normal maaşdır. Belə təklif gəlsə, qəbul edərəm.

Hafiz Əhmədov
Foto: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti