`Müxalifət Qarabağın azad olunmasını istəmir` - Sərt ittihamlar

`Müxalifət Qarabağın azad olunmasını istəmir` - Sərt ittihamlar
  01 İyun 2016    Oxunub:3303
Qarabağ radikal müxalifətin problemi deyil?

Aprel döyüşlərindən sonra Azərbaycan müxalifətinin sərgilədiyi mövqe kəskin tənqid hədəfinə çevrilib. Ucuz qalmaqallar, siyasi didişmələrdən başı açılmayan radikal müxalifət Azərbaycanın ən böyük probleminin – Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı mövqe ortaya qoymur, sanki bu problemin yalnız iqtidara məxsus olduğu görüntüsü yaratmağa çalışır.

Halbuki Qarabağ problemi iqtidarlı, müxalifətli hər birimizin ən böyük problemidir. Bu problemin həlli üçün təkcə iqtidar deyil, müxalifət də ortaya konkret mövqe qoymalıdır.

Sual olunur: Müxalifət Qarabağ məsələsinə niyə biganə yanaşır?



Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə AzVision.az-a bildirib ki, radikal müxalifət Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına çalışır: “Bizim radikal müxalifətin bir mövqeyi var. Onlar “Qarabağ-Qarabağ” qışqıraraq Qarabağda vəziyyətin pisləşməsinə xidmət edirlər. Əsas məqsədləri ölkədə vəziyyəti pisləşdirməkdir. Onlar istəmirlər Qarabağ işğaldan azad olunsun. Bu mövqedə insanları milli xəyanətkar adlandırmaq lazımdır”.



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli hesab edir ki, radikal müxalifətin proseslərə münasibəti beynəlxalq təşkilatların mövqeyi ilə bağlıdır: “Onlar nəyin bahasına olursa-olsun xarici dairələri narazı salmamağ çalışırlar. Görünür, indiki situasiya onlar üçün aydın deyil. Ona görə hansı mövqedən çıxış etdiklərini dərk edə bilmirlər. Çünki, daha öncə iştirak etdikləri bütün toplantılarda münaqişənin sülh yolu ilə həllini önə çəkdiklərini vurğulayıblar. Əli Kərimli vaxtilə Avropa Parlamentinin iclaslarından birindəki çıxışı zamanı bildirmişdi ki, yanlız onlar münaqişənin sülh yolu ilə həllinə təminat verə bilərlər. Bu baxımdan indiki şəraitdə deyəcək sözləri yoxdur. Müharibə bəyanatlarının xarici dairələrin maraqları ilə üst-üstə düşmədiyini dərk edirlər. Bu baxımdan alternativ fikir ortaya qoya bilmirlər”.



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə qeyd edib ki, AXCP istisna olunmaqla digər müxalifət partiyaları işğal olunmuş torpaqların ad edilməsi ilə bağlı dövlətin apardığı siyasəti müdafiə edir: “Adı çəkilən partiya fərqli mövqe nümayiş etdirir. Bu da onların anatomiyasından, fəaliyyətlərinin mahiyyətindən doğan yanaşmadır. Bütün bunlar yaxın gələcəkdə deyil, uzaq gələcəkdə də Azərbaycanın ictimai fikrində şübhəsiz öz obyektiv təhlilini tapacaq və AXCP-də olanlar bu əməllərinə görə, ən azı xəcalət çəkəcəklər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti