Suriyanın taleyini müzakirə etdilər

Suriyanın taleyini müzakirə etdilər
  26 İyul 2013    Oxunub:1030
BMT-nin baş katibi Ban Ki-mun ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Suriyada vətəndaş müharibəsinin həlli istiqamətində keçiriləcək Cenevrə-2 Beynəlxalq Konfransına hazırlıqlar davam edir. Bu hazırlıqlar çərçivəsində BMT-nin baş katibi Ban Ki-mun ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Azvision.az-ın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə tərəflər Suriya münaqişəsinin mümkün həll yollarını müzakirə ediblər.

Con Kerri, BMT baş katibinə ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriya ilə bağlı keçirdiyi görüş barədə də məlumat verib.

“S.Lavrovla söhbətdə Cenevrə-1 Konfransında qəbul olunan öhdəliklərinin yerinə yetirilməsinin müzakirəsi üçün bütün tərəflərin Cenevrə-2 konfransında toplaşmağının vacibliyini qeyd etdik”.

BMT baş katibi Ban Ki-mun, artıq iki ildir ki davam edən müharibə nəticəsində 100000 insan həlak olduğunu, milyonlarla insanın evlərini tərk etməyə məcbur qaldığını bir daha qeyd edib. “Hər iki tərəf hərbi əməliyyatlardan və zorakılıqdan əl çəkməlidir. Buna nail olmaq baxımından Cenevrədə keçiriləcək konfransın tez bir zamanda təşkil edilməsi vacibdir”.

Ban Ki-mun, həmçinin ABŞ dövlət katibi Con Kerrinin Yaxın Şərqdə sülh danışıqlarının yenidən başlanması istiqamətində səylərini də yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti