`Məhəmməd Əli xalatını mənə verib, dedi ki...` - Azərbaycanlı boksçu
“Atam Məhəmməd Əlinin şərəfinə mənə Əli adını qoyub. 1974-cü il Məhəmməd Əlinin idman karyerasının ən parlaq anlarından idi. O, həmin il Afrikada – Zairdə Corc Formana, sonra isə Manilada – Filippində təkrar döyüşdə Co Frezerə qalib gəlmişdi. Ona görə də valideynlərim onun şərəfinə adımı Əli qoyublar.
Məktəb illərində bildim ki, atam Məhəmməd Əlinin şərəfinə adımı Əli qoyub. Bunu biləndən sonra onun kimliyi ilə maraqlanmağa başladım. Məhəmməd Əlinin kimliyini biləndən sonra məndə boksa maraq yarandı. Məhəmməd Əli haqda qəzetlərdə, jurnallarda dərc olunan məqalələri, şəkilləri toplayırdım. İllər sonra onunla görüşmək mənə qismət oldu”.
Əli İsmayılov Məhəmməd Əli ilə iki dəfə görüşdünüyü bildirib.
“1999-cu ildə ABŞ-ın Texas ştatında - Hyustonda dünya çempionatı keçirilirdi. Məhəmməd Əli də orada idi. Adəti üzrə o, həmişə komandalara yaxınlaşıb görüşür, söhbət edir, avtoqraf verir, şəkil çəkdirirdi. Müsəlmlara daha çox üstünlük verirdi. Belə yarışlarda müsəlman komandaları bir yerə toplayırdılar. Məhəmməd Əli İran, Türkiyə və digər müsəlman ölkələrindən olan idmançılarla görüşüb, söhbət edirdi. Növbə Azərbaycana çatmışdı. Boks Federasiyasının rəhbəri Ağacan Əbiyev ingilis dilində Məhəmməd Əliyə komandamız haqda məlumat verdi.
Məhəmməd Əli mənə yaxınlaşanda, paltarımın üstündəki kartdan gördü ki, adım Əlidir. Bildirdim ki, valideynlərim sizin şərəfinizə mənə Əli adını qoyublar. Qucaqlayıb, öpdü məni. Dedi ki, döyüşdə sənə tamaşa edəcəyəm. Həmin döyüşdə qələbə qazandım. Otağa qayıdandan 10 dəqiqə sonra cangüdəni qapını döyüb, mənə bir bağlama verdi və dedi ki, bu, Məhəmməd Əlidən sənə hədiyyədir. Komanda yoldaşlarım həmin bağlamanı açdılar. Gördük ki, bağlamada xalat var. O, öz xalatını mənə bağışlamışdı.
Zala qayıdaraq ona təşəkkürümü bildirdim. Məhəmməd Əli mənə dedi ki, bu xalat sənə yeni-yeni uğurlar gətirsin”.
İdmançımız Məhəmməd Əli ilə növbəti dəfə 2000-ci ildə Avstraliyada, Sidney olimpiadasında görüşüb.
“O Olimpiya Şəhərciyinə gəlmişdi. Hamı ilə görüşür, aftoqraf paylayır, şəkil çəkdirirdi. Yaxınlaşıb, tanışlıq verdim. Xatırladı. Sonra tərcüməçinin köməyi ilə ona dedim ki, 4 ay əvvəl mənim oğlum olub, adını Məhəmmədəli qoymuşam. Gözləri yaşardı, minnətdarlıq etdi. Dedim sizin bağışladığınız xalat artıq mənə yox, ona çatır. Dedi mən 20-ci əsrin Məhəmməd Əlisi idim, sənin oğlun 21-ci əsrin Məhəmməd Əlisi olacaq”.
Hafiz Əhmədov