Məmmədyarov qalib oldu

Məmmədyarov qalib oldu
  05 İyun 2016    Oxunub:4873
Azərbaycanlı şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2016” beynəlxalq turniri Şəhriyar Məmmədyarovun qələbəsi ilə başa çatıb.
Turnirin iyunun 4-də keçirilən sonuncu turunda Şəhriyar Məmmədyarov lider Aniş Qiri (Hollandiya) ilə qarşılaşıb. Gərgin keçən matçda rəqibini məğlub edən Azərbaycan şahmatçısı turnirin qalibi adını qazanıb.

Ümumiyyətlə, sonuncu turda Azərbaycanın dörd təmsilçisindən üçü qalib gəlib. Digər şahmatçılarımızdan Eltac Səfərli Hindistan təmsilçisi Pentala Harikrişnanı, Rauf Məmmədov çinli Hou Yifanı məğlub edib. Yalnız Teymur Rəcəbov rəqibi Pavel Elyanov (Ukrayna) ilə xalları yarı bölüb.

Digər qarşılaşmada isə rusiyalı Sergey Karyakin italiyalı Fabiano Krauna ilə heç-heçə oynayıb.

Beləliklə, turnirin yekununa əsasən, Şəhriyar Məmmədyarov və Fabiano Kariana hərəyə 6 xal toplayıblar. Aniş Qirinin 5,5, Sergey Karyakinin 5, Rauf Məmmədovun isə 4,5 xalı var. Üç şahmatçı - Teymur Rəcəbov, Eltac Səfərli və Pentala Harikrişna hər biri öz aktivinə 4 xal yazdırıb. Pavel Elyanov 3,5, Hou Yifan isə 2,5 xal toplayıb.

Qeyd edək ki, “Shamkir Chess 2016” turniri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca üçüncü turnirdir. Bundan əvvəlki hər iki turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti