“Onların psixologiyasında problem var”

  26 İyul 2013    Oxunub : 528
“Onların psixologiyasında problem var”
“Yaxşı bir hadisəni layiqincə qiymətləndirməmək həmin insanların psixoloji problemlərindən xəbər verir”.
Bu sözləri AzVision.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. “Dövlət rəhbərliyi əvvəlcə jurnalist Nicat Dağların, daha sonra İmran Cəfərzadənin müalicəsi ilə bağlı göstəriş verdi. Hadisəyə reaksiyalar eyni olmadı. Amma əslində dövlət başçısının bu addımı hər kəsi sevindirməlidir. Əgər, kimsə bu hadisələri pis bir hal kimi dəyərləndirirsə, bu, həmin insanlarda psixoloji narahatlığın olmasından xəbər verir. Çünki burada yalnız insanlıqdan, yaxşılıqdan söhbət gedə bilər. Prezident bu addımı atmasaydı, o uşağın, o jurnalistin taleyi necə olacaqdı? Bu, humanist bir addımdır və bu addımı dəstəkləmək lazımdır. İnsan psixologiyası belədir ki, əgər edilən yaxşı bir işə yaxşı da reaksiya verilirsə, həmin insan etdiyi yaxşı işlərin sayını daha da artırır.”

E.Rüstəmovun sözlərinə görə, kimlərəsə qarşı qərəzi olan insanlar həm də psixoloji sarsıntı keçirir. “Hər şeyə qara yaxmaq müxaliflik deyil, bu, sadəcə, qərəzdir. Sosial şəbəkələrdə də bəzi qüvvələrin prezidentin bu addımına başqa don geyindirməyi qərəzdən irəli gəlir. Belə insanların psixoloji durumunda konkret problemlər var. Tənqid yaxşı şeydir, tənqid o deməkdir ki, mən sənin etdiyini daha yaxşı formada görmək istəyirəm. Amma təhqirə keçmək qərəzdən xəbər verir. Bu tip insanlara qarşı diqqətli olmaq lazımdır. Bu yaranan problemlər isə bir müddətdir, bir müddətdən sonra qaydasına düşəcək. Onlar özləri səhv etdiklərini anlayacaqlar”.

Nihadə Eyyubova

Teqlər: