Hərbi cinayətlərin sayı azalıb

Hərbi cinayətlərin sayı azalıb
  26 İyul 2013    Oxunub:1072
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında Müdafiə Nazirliyinin digər ordu birləşmələrində törədilmiş cinayətlər azaldığı halda, III ordu birləşməsində cinayətlərin sayı 21,2 faiz artıb.

AzVision.az xəbər verir ki, bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2013-cü ilin I yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

X.Vəliyev bildirib ki, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, fərarilik, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri artıb.

Hərbi prokuror qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2013-cü ilin birinci yarısında qeydə alınmış hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, qəsdən adam öldürmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, qəsdən sağlamlığa ağır zərbə vurma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

X.Vəliyev bir daha qeyd edib ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti