Prezident Şəfiqə Axundovanın vəfatı ilə bağlı başsağlığı verib - MƏTN

Prezident Şəfiqə Axundovanın vəfatı ilə bağlı başsağlığı verib - MƏTN
  26 İyul 2013    Oxunub:1366
Prezident İlham Əliyevin rəhrərlik etdiyi hökumət rəsmiləri Xalq artisi Şəfiqə Axundovanın vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağılığı mətnində bildirilib:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəfiqə Qulam qızı Axundova 2013-cü il iyulun 26-da ömrünün 90-cı ilində vəfat edib.

Şəfiqə Axundova 1924-cü il yanvar ayının 21-də Şəki şəhərində anadan olub. O, Bakıda orta məktəbi başa vurub, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuş və 1956-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirərək musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Şəfiqə Axundova peşəkar fəaliyyəti ilə yanaşı, 1943–1945-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmış, 1956–1989-cu illərdə Azərbaycan İncəsənət İnstitutunda dərs deyib.

Şəfiqə Axundovanın milli musiqi xəzinəmizi zənginləşdirən yaradıcılığı müasir Azərbaycan mədəniyyətində xüsusi yer tutur. O, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirib. Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və müxtəlif səpkili əsərlər bəstələyən sənətkar ölkəmizdə daha çox mahnılar müəllifi olaraq şöhrət tapıb.

Fitri istedadı və tükənməz enerjisi sayəsində musiqi sənətinin incəliklərini dərindən mənimsəməklə hələ tələbəlik illərindən bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Şəfiqə xanım ayrı-ayrı janrlarda çox sayda əsərlər meydana gətirib. Geniş yaradıcılıq diapazonuna malik sənətkarın yetmiş ilə yaxın bir dövr ərzindəki fəaliyyəti özündə mahnı və romansları, opera və operettaları, simfonik süita və pyesləri ehtiva edir. Şəfiqə xanımın onlarla tamaşaya bəstələdiyi musiqi dərin dramatizmi və incə lirizmi ilə səciyyələnərək Azərbaycan teatrı tarixində özünəməxsus yer tutur.

Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Şəfiqə Axundovanın misilsiz xidmətləri vardır. O, klassik və müasir Azərbaycan poeziyasının qüdrətli nümayəndələrinin bədii irsinə dönə-dönə müraciət etmiş, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və Mirvarid Dilbazinin lirik şeirlərinə qaynağını xalq mahnılarından və muğamlardan alan yüzlərlə mahnı bəstələmişdir. Vaxtilə Bülbül, Şövkət Məmmədova, Şövkət Ələkbərova və digər görkəmli müğənnilərimizin ifasında səslənib ürəkləri fəth edən bu melodiyalar yaddaşlarda dərin iz buraxmışdır.
Şəfiqə xanım Axundova uzun illər zəngin bilik və təcrübəsini ölkəmizdə musiqiçi kadrların hazırlanması işinə həsr etməklə gənc nəslin yetişdirilməsi işinə dəyərli töhfələr vermişdir. Onun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında və musiqi zövqünün formalaşmasında mühüm rol oynayıb.

Şəfiqə Axundovanın musiqi mədəniyyətimizin inkişafı sahəsində böyük xidmətləri yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycanın ali dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli bəstəkar, gözəl pedaqoq və səmimi insan Şəfiqə xanım Axundovanın xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Hicran Hüseynova
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Azər Rzayev
Aqşin Əlizadə
Xəyyam Mirzəzadə
Tofiq Bakıxanov
Ramiz Zöhrabov
Eldar Mansurov
Siyavuş Kərimi
Timuçin Əfəndiyev
Ramiz Mirişli
Oqtay Zülfüqarov


Teqlər:  





Xəbər lenti