Bakıda iki yeni metro stansiyası açılacaq - FOTOLAR

Bakıda iki yeni metro stansiyası açılacaq - FOTOLAR
  27 İyul 2013    Oxunub:1992
2014-cü il Bakı Metropoliteninin yeni — 3-cü xəttinin ilk iki stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Metropolitenin rəsmi saytında məlumat verilib. Bildirilib ki, ölkə başçısının 2011-ci il martın 18-də imzaladığı dövlət proqramına uyğun olaraq, təsdiq olunmuş perspektiv inkişaf sxeminin bu hissəsi paytaxtın əsas giriş qapısı olan «Avtovağzal» stansiyasından başlamaqla inşa olunacaq Bənövşəyi xətt 12 stansiyadan ibarət olmaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq. Beşillik proqrama əsasən, 2016-cı ildə xəttin ilk beş stansiyası istismara veriləcək. Onlardan ikisi, qeyd edildiyi kimi, 2014-cü ildə açılacaq. Şərti adı «Memar Əcəmi-2» olan stansiya bu xəttin ilk həlledici sahələrindən biridir. Çünki o, Bənövşəyi xətdən mövcud Yaşıl xəttə ilk keçid stansiyası olacaq. Sərnişinlər buradan «Memar Əcəmi» stansiyasına keçməklə Yaşıl xəttin əhatə edəcəyi stansiyalardan da istifadə edə biləcəklər.



Qeyd olunur ki, «Memar Əcəmi-2» stansiyası tək bu özəllikləri ilə seçilməyəcək. Ölkə başçısının tapşırığına və əvvəlki görüşlərində dəfələrlə verdiyi tövsiyələrə əsasən, bundan sonra metropolitendə inşaatdan tutmuş təchizata və mədəni xidmətin bütün sahələrinə qədər ən qabaqcıl texnologiyalar, innovativ düşüncə tərzi tətbiq olunmalıdır. Bu mənada «Memar Əcəmi-2»də tətbiq olunan yeniliklərdən kifayət qədər çox söz açmaq olar.



Stansiyanın üç giriş-çıxışı olacaq. «Memar Əcəmi» stansiyasının «M-şəkilli» yerüstü vestibülündə həm də yeni stansiyaya giriş-çıxış, ANM məntəqəsi, kassalar yerləşdiriləcək.

Təbii ki, girişdən başlamaqla əlillər və fiziki cəhətdən qüsurlu insanlar üçün şərait nəzərə alınacaq. Ümumiyyətlə, məlumdur ki, yeni xətlərdə yerləşən stansiyalarda bu təbəqədən olan insanların metrodan istifadəsini asanlaşdırmaq üçün liftlərdən istifadə olunacaq. Stansiyada ümumən 4 lift quraşdırılacaq. Onlar metropolitenin tərəfdaşına çevrilmiş və öz sahəsində Almaniyanın dünyada aparıcı şirkətlərindən olan «Tüyssen Krupp»un «Sinerji» qaldırıcı qurğusundan ikisi xidməti funksiya daşıyacaq və metropolitendə ilk dəfə işçilər müxtəlif avadanlıq, alət və qurğuları bu vasitə ilə qaldırıb, stansiyaya endirəcəklər.
Stansiyanın yuxarı vestibülündən platformaya birbaşa eniş olmayacağından burada çox sayda eskalatorlardan istifadə olunacaq. Stansiyada cəmi 16 eskalatorun quraşdırılması nəzərdə tutulub. Bunlar da Almaniya şirkətinin «Tugela» tipli eskalatorlarıdır.




Vestibüldən aşağıya doğru sonrakı mərtəbə Yaşıl və Bənövşəyi xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə olunacaq. Bu, sərnişinlərin heç bir əlavə ödəmə etmədən digər xəttin stansiyasına keçməsinə şərait yaratmaq üçün düşünülüb.
Platformanın uzunluğu 144 metrdən az olmayacaq. Bu da, məlumdur ki, yeni xətlərin fərqli hərəkət tərkibləri üçün nəzərdə tutulub. Ölkə başçısının tapşırığına əsasən, yeni xətlərdə 7 vaqonluq qatarların hərəkət edəcək.



Stansiyada ümumən 4 lift quraşdırılacaq. Stansiyanın yuxarı vestibülündən platformaya birbaşa eniş olmayacağından burada çox sayda eskalatorlardan istifadə olunacaq. Stansiyada cəmi 16 eskalatorun quraşdırılması nəzərdə tutulub.



Bir sözlə, «Avtovağzal»la eyni vaxtda təhvil veriləcək və müasir qatarların hərəkət edəcəyi iki stansiyadan biri olacaq «Memar Əcəmi-2» tikintisindən memarlığına və tərtibatına qədər müasir düşüncə tərzinin ilk məhsulu kimi tarixə düşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti