Dopinq qalmaqalı - 6 idmançımız cəzalandırıldı

Dopinq qalmaqalı - 6 idmançımız cəzalandırıldı
  12 İyun 2016    Oxunub:2528
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının 6 üzvü 2015-ci ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş Dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb.
Bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qəbul edib. Qurumun saytında açıqlanan cəzalara əsasən, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. O, 2019-cu ilin dekabrınadək bütün yarışlardan kənarlaşdırılıb. İlk "5-liy"in uzunmüddətli cəzası onların 2013-cü il Avropa çempionatında da, yəni artıq ikinci dəfə dopinqli çıxmaları səbəbindən verilib. Dadaşbəyli isə ilk dəfə belə bir vəziyyətlə üzləşdiyi üçün daha az müddətə cəza alıb.

Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, boldenon aşkarlanıb.

Qeyd edək ki, 2015-ci il Dünya çempionatında Valentin Xristov 62 kq çəki dərəcəsində bürünc medal qazanmışdı. IWF-nin bu qərarından sonra Xristovun bürünc medalı əlindən alınıb. Silviya Angelova 48 kq, Firudin Quliyev 69 kq, Elxan Əliquluzadə 77 kq, İntiqam Zairov 94 kq, Dadaş Dadaşbəyli 105 kq çəki dərəcəsində mübarizə aparıb. Ötənilki mundialın nəticələrinə əsasən, Azərbaycana ağırlıqqaldırma növündə 4 lisenziya verilib. Hələlik həmin lisenziyaların ölkəmizdən alınıb-alınmayacağı barədə məlumat verilmir. (Report.az)

AzVision.az


Teqlər:





Xəbər lenti