GP2 seriyası üzrə sıralama yarışı başlayıb
Həmin yarışda “Racing Engineering” komandasının fransalı pilotu Norman Nato test yürüşündə birinci olub. “Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutublar.
GP2 seriyası 2016-cı ilin təqvimi 11 yarışdan ibarətdir və hamısı “Formula -1” həftəsonu çərçivəsində keçirilir.
Mövsüm İspaniyanın Barselona trekində start alır və Əbu Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi “Formula -1” Avropa Qran Prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında baş tutacaq. Ümumən çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.
Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: