Milli Şura Tiflisdə nədən danışacaq?

Milli Şura Tiflisdə nədən danışacaq?
  29 İyul 2013    Oxunub:989
Milli Şuranın Tiflisdə qurumun prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyovla keçirəcəyi görüşdə vahid namizəd ilə bağlı müzakirələrin olmayacağı bildirilib.
AzVision.az-ın məlumatına görə, bu barədə Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov musavat.com-a danışıb. Buna baxmayaraq Eldar Namazova yaxın olan qaynaqlardan bildirilib ki, Tiflisdəki toplantıda Rüstəm İbrahimbəyovla bağlı vəziyyət yenidən dəyərləndiriləcək: “Belə davam edərsə, aydın məsələdir ki, o, qarşıdakı seçkilərə qatılmaq şansını itirir. Buna görə də vəziyyət yenidən və bu ehtimal üzərindən dəyərləndiriləcək. Məndə olan məlumata görə, Rüstəm İbrahimbəyov təklif edəcək ki, onun iştirak edə bilməyəcəyi təqdirdə, Milli Şuranın vahid namizədi Eldar Namazov olsun”.

Milli Şura təsisçiləri isə bildirib ki, Rüstəm İbrahimbəyova alternativ şurakadı neytral ziyalılardan biri ola bilər. Belə ziyalılardan biri də “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevdir. Mehman Əliyev məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, bununla bağlı hələ dəqiq bir söz demək olmaz:

“Hələ ki, heç nə deyə bilmərəm. Mənə belə bir təklif gəlməyib. Düşünürəm ki, Tiflis görüşündən sonra bu barədə danışmaq olar. Hələ ki tələsmək istəməzdim”. Tiflis görüşündə özünün də iştirak edəcəyini vurğulayan M.Əliyev görüşün gündəliyində olacaq məsələlərdən də danışıb: “Tiflis görüşündə əsasən ölkədə seçkiqabağı durum, Rüstəm bəyin ölkəyə qayıtması və Milli Şuranın yaxın gələcəkdəki planları müzakirə olunacaq. Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməyəcəyi barədə isə dəqiq bir söz demək olmaz. Hər şey müzakirələrdən sonra bəlli olacaq”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti