`Bu gün biz öz taleyimizin sahibiyik` - İlham Əliyev (VİDEO)

`Bu gün biz öz taleyimizin sahibiyik` - İlham Əliyev (VİDEO)
  21 İyun 2016    Oxunub:3426
`İş yerlərinin açılması prosesi daim getməlidir. Baxmayaraq ki, son illər Azərbaycanda böyük işlər görülüb, əhali artır. Əhalinin artması da iqtisadi inkişafın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və demoqrafik vəziyyət yaxşılaşır. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir`.

AzVision.az xəbər verir ki, bunu Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik inkişafa uyğun şəkildə inkişaf etməlidir:

`Ona görə də iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər 1 milyondan çox iş yeri yaradılıb, biz daim bu məsələni diqqətdə saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir. Dövlət və özəl sektor sərmayə qoymalıdır. Bu istiqamətdə son vaxtlar ciddi addımlar atılır, islahatlar dərinləşir. Beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir.

Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır, ictimai infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, ictimai binalar tikilir, parklar yaradılır. Ölkənin hər yerində qanunun aliliyi təmin edilməlidir və edilir. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində, o cümlədən Nardaran qəsəbəsində çox gözəl şərait olsun. Nardaranda bu son aylar görülən işlər göz qabağındadır. Buna şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış məskənidir, burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin sakit yaşaması üçün Azərbaycan dövləti hər şey edir”.

Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yeniləşməsində çox əlamətdar bir gündür, daxili yolların təmiri başa çatıb deyən Dövlət başçısı bildirib ki, bir müddət əvvəl Nardaran sakinləri ona müraciət edib, qəsəbəyə dəvət ediblər: “Mən hesab etdim ki, əliboş gəlməyim, o vaxt gəlim ki, bu yollar hazır olsun. Bu gün də bu yollar açılır. Mən çox şadam ki, bu yollar gözəl görkəm alıb. Həm Maştağa-Bilgə yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub. Yollar genişlənib, köçürülmüş evlər üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işdə yerli qəsəbə sakinləri də iştirak ediblər. Azərbaycanın hər bir yeri, qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı sürtələ gedir, bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik, qaz, su təchizatı yaxşılaşır. Bu infrastruktur layihələrinin böyük əksəriyyəti icra edilib”.

Dövlət başçısı bildirib ki, bütün məsələlər kompleks şəkildə həllini tapır: “Azərbaycan xalqı və dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə müsəlman aləmində oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilatın və onun rəhbərlərinin Azərbaycanda gedən proseslərlə bağlı fikirləri mətbuatda dərc olunur. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanda dini məsələlərə verilən yüksək qiymət ən böyük göstəricidir.

O cümlədən, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət nəticəsində ardıcıl öz həllini tapır. Əsas məsələ odur ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin. İnsanlar özlərini rahat hiss etsinlər və inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın. Beləliklə, biz gələcəyə daha inamla baxaq və öz taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Bu, bizim ən böyük sərvətimizdir. 25 ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı böyük nailiyyətlərə çata bilib ”.

Prezident İlham Əliyev əsrlər boyu Azərbaycanın başqa dövlətlərin tərkibində yaşadığını söyləyib: “Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ 19-cu əsrdə Azərbaycan dünya neftinin yarısını hasil edirdi, 20-ci əsrin əvvəlində SSRİ miqyasında xüsusi yer tuturdu, ancaq hamımız yaxşı xatırlayırıq ki, SSRİ dağılanda nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq...

Silahlı quldur dəstələri meydan sulayırdı. Bu gün biz öz taleyimizin sahibiyik, bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı bu müstəqilliyi daha da möhkəmləndirməyə çalışmalıdır və müstəqillik əleyhinə heç bir addım atmamalıdır. Birincisi, bu, cinayətdir, ikincisi, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir. Bu gün bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın”.



AzVision.az


Teqlər:  






Xəbər lenti