Əliyevlə görüşdən 2 gün sonra – Sarkisyanın sirli Qarabağ səfəri

Əliyevlə görüşdən 2 gün sonra – Sarkisyanın sirli Qarabağ səfəri
  24 İyun 2016    Oxunub:4077
İyunun 22-də Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Səfəri zamanı Sarkisyan Qarabağda müşavirə keçirib. O, qondarma “DQR-ın rəhbərliyi” ilə ordu quruculuğu və təmas xəttindəki son vəziyyəti müzakirə edib.

Daha sonra Ermənistan prezidenti hərbi helikopterlə qoşunların təmas xəttinə gəlib. Burada o, aprel hadisələri zamanı Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş Lələtəpə yüksəkliyinə baxıb.

Hərbi hissəni ziyarət edən Sarkisyana cəbhədə quraşdırılan kameralar vastəsilə ordumuz tərəfindən işğaldan azad edilən ümumi ərazilər nümayiş olunub. Sarkisyanın Sankt-Peterburq görüşündən 2 gün sonra Qarabağa getməsi diqqət çəkib.



Ermənistan prezidenti Qarabağa niyə və hansı məqsədlə gedib?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, orada qondarma rejimin nümayəndələri ilə görüşü Sankt-Peterburq danışıqlarında real nəticənin əldə olunmadığından xəbər verir: “Eyni zamanda bu addım Sarkisyanın növbəti təxribatı kimi qəbul olunmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin vurğuladığı kimi Paris görüşündə də münaqişənin həlli ilə bağlı bəzi detallar razılaşdırılmışdı. Nə baş verdi? Serj Sarkisyanın əmri ilə Ermənistan ordusu işğal etdiyi ərazilərdə hərbi təlimlərə başladı. Təxribat nəticəsində Azərbaycan məcbur qalaraq düşmənin hərbi helikopteri vurdu. Bununla da Paris görüşündə əldə olunan “razılaşmalar”ın üstündən xətt çəkildi. İndi eyni ssenaridir. Ermənilər təxribata əl atırlar. Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək oradakı ermənilərə bildirir ki, “möhkəm olun, vuruşacağıq”. Bununla Ermənistan hakimiyyəti həm bizə, həm də beynəlxalq aləmə mesaj verir ki, Qarabağ ətrafındakı rayonları boşaltmaq niyyəti yoxdur”.

E.Şahinoğlu bildirib ki, Serj Sarkisyan bu addımı ilə bizə mesaj verirsə, o zaman Azərbaycanın mesajını qəbul etməlidir: “Sankt-Peterburq görüşündən öncə ordumuz hərbi təlimlərə başladı. Bu isə Azərbaycanın həm Ermənistana, həm də beynəlxalq aləmə mesajıdır ki, yaxın zaman kəsiyində Ermənistana təzyiq olunaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesinə başlanılmasa, aprel döyüşlər təkrarlana bilər”.



Bununla belə politoloq qeyd edib ki, hazırkı mərhələdə Ermənistanın təxribatları Sarkisyanın işğal olunmuş ərazilərə getməsindən o tərəfə keçməyəcək: “Ermənistan apreldə dərsini alıb. Çünki, bilirlər ki, daha böyük təxribata əl atsalar, yenə də layiqli cavablarını alacaqlar. Ona görə də sakit durmağa çalışırlar. Ancaq, Sarkisyan işğal olunmuş ərazilərə gedərək separatçı rejimin nümayəndələrinə ürək-dirək verir, onlara bildirir ki, heç bir güzəştə getməyib, əksinə onların maraqlarını qoruyur, referendum məsələsi həll olunmamış Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq. Bu mesaji vermək üçün Sarkisyan işğal olunmuş ərazilərimizə gedib. Amma, düşünmürəm ki, ermənilər atəşkəsin ciddi pozuntusuna getsinlər. Onlar bunun ikiqat cavabını alacaqlarını bilirlər”.

Bizim atəşkəsi əbədiyyətə qədər qorumaq barədə üzərimizdə hüquqi məsuliyyət yoxdur. Biz atəşkəsə razıyıq. Bir şərtlə ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesi başlasın. Sankt-Peterburqda bizi ona məcbur etmək istəyirdilər ki, atəşkəs uzunömürlü olsun, insidentlər araşdırılsın. Vyanada da eyni sözləri deyirdilər. Amma, alınmadı. Çünki, hamıya bəllidir ki, həll prosesi başlamadan, ikinci, üçüncü məsələlərin həlli mümkün deyil”, - deyə E.Şahinoğlu vurğulayıb.



Politoloq Fikrət Sadıqov isə hesab edir ki, Serj Sarkisyan Sankt-Peterburq görüşünün təşvişi içərisində Dağlıq Qarabağa gedib: “Son zamanlar Serj Sarkisyan Dağlıq Qarabağa ancaq vəziyyət gərginləşəndə gedir. Sarkisyan aprel hadisələrindən sonra Qarabağa gedərək ermənilərlə görüşdü, onlara dəstək verdi. İkinci epizod isə Sankt-Peterburq görüşündən sonra baş verdi. Bu hal onu göstərir ki, Ermənistanın hakim klanı faktiki olaraq təşviş içindədir. Çünki, Sankt-Peterburqda sənəd şəklində olmasa da tərəflər münaqişənin həlli ilə bağlı razılığa gəliblər. Razılaşma ondan ibarətdir ki, Azərbaycan işğal olunmuş torpaqlarının boşaldılma prosesi dinamik şəkildə başlamalıdır. Doğrudur, ermənilər görüşün nəticələrini təhrif edir. Amma, ölkə başçısı İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı aydın oldu ki, münaqişənin həlli ilə bağlı hansısa təkliflər var. Azərbaycan rəsmilərinin açıqlamalarına görə, görüş konstruktiv şəkildə baş tutub. Sarkisyan isə əhalini və separatçı rejimin rəhbərliyini sakitləşdirmək üçün Qarabağa gedib. Düşünmürəm ki, Sarkisyanın bu addımı onun xeyrinə olsun”.

F.Sadıqov qeyd edib ki, ermənilərin cəbhədə növbəti təxribatlara əl atacağı istisna deyil: “Ermənistan uzun illərdir provakasiyalarla məşğuldur. Bu baxımdan ermənilərin təmas xəttində növbəti təxribatlarının baş verəcəyi istisna edilmir. Ona görə də təmas xəttində müşahidəçilərin sayının artırılması Ermənistanın maraqlarına ziddir. Təxribatla Azərbaycan yox, Ermənistan məşğuldur. Belə halda ermənilər yenidən təxribata əl ata bilər. Bu addımı atsalar, Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi birmənalı şəkildə xeyrimizə həll oluna bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti