Şəkidə konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən bu penitensiar kompleksin istifadəyə verilməsinin təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və gələcək sosial adaptasiyasına xidmət edəcəyi bildirilib.
Şəki penitensiar kompleksi müxtəlif rejim korpuslarından, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir. Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılıb, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunub.
Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa edilib. Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılıb, su anbarları, nasosxana qurulub.