Fransa, yoxsa Portuqaliya: Kim daha güclüdür?

Fransa, yoxsa Portuqaliya: Kim daha güclüdür?
  10 İyul 2016    Oxunub:2801
Bu gün futbol üzrə Avropa Çempionatının qalibi məlum olacaq. “Avro-2016”nın finalında meydan sahibi Fransa ilə Portuqaliya millisi üz-üzə gələcək.

Fransa millisi indiyədək iki dəfə - 1984 və 2000-ci ildə qitə çempionu adını qazanıb. Portuqaliyalılar isə bir dəfə buna yaxın olub. Onlar 2004-cü ildə ölkərində keçirilən Avropa çempionatının finalında Yunanıstana uduzub.

Saat 23:00-də Sent-Denisdəki "Stad de France" stadionunda başlayacaq oyunu İngiltərədən olan baş hakim Mark Klattenburq idarə edəcək.

Komandaların Avropa Çempionatlarındakı göstəriciləri

Portuqaliya ilk dəfə 1984-cü ildə keçirilən Avropa Çempionatına qatılıb. Ümumilikdə isə bu komanda 7 dəfə turnirə qatılma haqqı qazana bilib.

Portuqaliya Avropa Çempionatları tarixində ikinci dəfə finala yüksəlməyi bacarıb. İlk dəfə 2004-cü ildə ev sahibliyi etdiyi turnirdə finala çıxan Portuqaliya Yunanıstana 1-0 hesabı ilə məğlub olub.

Fransa hər 16 ildən bir Avropanın ən güclüsü olmağı bacarır. İlk dəfə 1960-cı ildə keçirilən Avropa Çempionatına qatılan Fransa ümumilikdə 9 dəfə turnirin final mərhələsində oynayıb. Fransa 1984 və 2000-ci illərdə keçirilən turnirlərdə çempion olub.

Kim daha güclüdür?

Fransa və Portuqaliya milliləri indiyə qədər 24 dəfə üz-üzə gəliblər. Bu matçlardan yalnız 3-ü rəsmi turnirlər çərçivəsində keçirilib. Digər 21 matç isə yoldaşlıq matçları olub. Qarşılaşmaların 18-ni Fransa, 5-ni Portuqaliya qazanıb, 1 oyun isə bərabərliklə yekunlaşıb. Avropa və Dünya çemiponatları tarixində Portuqaliya heç vaxt Fransanı üstələyə biməyib. Bu ölkələr arasında ilk qarşılaşma 1984-cü ilin 23 iyununda keçirilib.

Matç 3:2 fransızların qələbəsi ilə başa çatıb. 28 iyun 2000-ci ildə baş tutan qarşılaşma isə 2:1 hesabı ilə Fransanın qalibiyyəti ilə tarixə düşüb. Maraqlıdır ki, komandaların qarşılaşdığı hər iki turnirin qalibi Fransa olub.

Millilər 2006-cı ildə keçirilən Dünya Çempionatında da üz-üzə gəliblər. Oyun 1:0 Fransanın qələbəsi ilə yekunlaşıb. Komandalar arasında son olaraq 4 sentyabr 2015-də keçirilən yoldaşlıq matçı Fransanın 1:0 hesabı ilə başa çatıb .

Kim çox qol vurub?

“Avro 2016”-da Fransa millisi rəqib qapılarına 13 qol vurduğu halda, qapısında 4 qol görüb. Qolların 6-sını Antuan Qrizman vurub. O, hazırda turnirin bombardiridir.

Portuqaliya isə rəqib qapılarına 8 qol vura bilib, qapısından isə 5 qol buraxıb. Portuqaliya millisinin heyətində ən çox qol vuran oyunçu 3 qolla Luis Nanidir.

Ümumilikdə isə Fransa və Portuqaliya milliləri arasında keçirilən 24 qarşılaşmada qapılara 77 qol vurulub. Burada da üstünlük Fransanın tərəfindədir. Belə ki, Fransızlar Portuqaliyanın qapısından 47 qol keçirdiyi halda, Portuqaliya Fransanı 30 qolla cəzalandıra bilib. Komandalar arasında ən çox qollu oyun 4:0 olub. Bu uğura Portuqaliya 16 mart 1927-ci ildə, Fransa isə 25 aprel 2001-ci ildə nail olub.

Kim da qiymətlidir?

“Avro 2016”nın finalında qarşılaşacaq Portuqaliya və Fransa yığmalarının dəyəri milyonlarla ölçülür. Portuqaliya millisinin heyətində turnirə qatılan futbolçuların ümumi dəyəri 353.50 milyon avrodur. Portuqaliyalıların heyətində ən bahalı futbolçu kapitan Kristiano Ronaldodur. Onun dəyəri 110 milyon avrodur.
Fransa millisinin dəyəri isə 487 milyon avro təşkil edir. Fransanın heyətində ən bahalı futbolçu isə Pol Poqba və Antuan Qrizmandır. Hər iki futbolçunun dəyəri 70 milyon avrodur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti