Konservləşdirilmiş zaman

Konservləşdirilmiş zaman
  31 İyul 2013    Oxunub:1447
Cavid Təvəkkül

Deyirlər, Azərbaycanda 115 ildir ki, kino var, özü də milli kino. Deyirlərsə deməli var...
Hələ uşaq vaxtlarımdan kinoya baxmağı çox sevirdim. O vaxt bizAzərbaycan filmlərinə ancaq televiziyadan baxardıq o da bayram və matəm günlərində. “Dədə Qorqud”, ”Uzaq sahillərdə”, ”Nəsimi” bu filmlərdən sadəcə bir neçəsidir...

Böyüdüyüm Mingəçevir şəhərində, binamızın arxasında “Sevil” yay kinoteatrı var idi və hər il may ayının birindən fəaliyyətə başlıyırdı.

Yaxşı yadımdadır, axşam saat səkkizin yarısı qonşu qadınlar, yanlarında qızları, əllərində də rəngli parçalardan tikilmiş döşəkçələr və ağacdan qırılmış iri yarpaqlı budaqlar (bubudaqlar ağcaqanaddan qorunmaq üçün idi) kinoteatra üz tutardılar. Elə bil kinoya yox, bayrama gedərdilər, qızlar olan olmaz güllü paltarlarını geyinər, sovet istehsalı ”Быть может” ətirlərini vurardılar,hələ evdə xəlvətcə dodaqlarına boya sürtənlər də var idi. Hamısı necə də gözəl görünərdi... Analar da, qızlar da...

Bütün küçə səfərbər olub kinoya gedərdi, illah da ki, “ağlamalı” hind filmlərinə.Afişada elə belə də yazılardı «Ağlamalı”. O vaxtlar camaat ağlamağa gedirdi o kinolara, ürəyini boşaltmağa... İndi getmirlər, çünki həyat özü yetərincə ağladır onları...

Elə bir adam yoxuydu ki, kinoteatr qapısı qarşısında xırda stul qoyub, qarşısında bir aşsüzən “semiçka” satan Çimnaz xalaya xeyir verməsin.

Küçənin bir az yaşca böyük oğlanları da çox vaxt Çimnaz xalanın yanında dayanıb gələn gedən xanımlara, qızlara ilişərdilər, amma indiki kimi yox, çox yüngül, sözaltı...Biri- birlərinə meyli olan oğlan və qızlar göz-gözə gələndə isə qızarardılar,heç biri dinməzdi...Mən bunu görürdüm...

Qonşumuz Muxtar həmişəki kimi dostlarını da başına yığıb, içir. Muxtar və dostları kinoya ayıq başla baxmaq istəmirlər.Muxtar əsgərlikdən təzə gəlib, Almaniyada qulluq eləmişdi, yadımdadı mənə də bir “nakleyka”hədiyyə eləmişdi, qız şəkilli, bir addım arxaya atanda qız sənə göz vurardı...

Filmin başlanmağına hələ var, küçənin kişiləri kənarda nə isə söhbət edirlər, bu günə qədər də bilmirəm nədən danışdıqlarını...

Binamızın birinci mərtəbəsində yaşayan o üç bacı da ara sıra gələrdi kinoya. Nə var, nə var böyüyü iki dəfə ərdə olub qayıtmışdı, ortancıl uzun müddət sevişdiyi bir oğlanla evlənməmişdi, sonbeşikləri Çiçək də oğlanla görüşürdü deyə hamı onlara pozğun kimi baxardı.

Ara-sıra qonşu küçələrdən nəşəxor dediyimiz iki- üç cavan gəlib kinoteatr qarşısında qışqır-bağır salar, fironluq, tirpaşlıq edərdilər. Hal-qaziyə belə olanda kənarda dayanan Rasim dayı işə qarışar, küçənin bığ yeri tərləmiş oğlanlarına göz edər,onlar da dərhal işarəni başa düşər, qışqır-bağır, tirpaşlıq dayanar, qonşu küçənin cahılları müvəffəqiyyətlə kinoteatrın qarşısından uzaqlaşdırılardılar.

Qapıda dayanıb bilet yığan Əli də elə bil bir az “ö söz”...Səbəbsiz falansız,böyüklü kiçikli hamının üstünə qışqırardı,sonralar başa düşdüm ki,doğurdan da onda çatmırdı.

Uzaqdan velosiped görünür, deməli, beş dəqiqə keçməz, film başlayacaq. Hər dəfə velosipedi sürən o çəlimsiz oğlanı görəndə nədənsə fikirləşirdim,oxumaq lazımdır,oxumaq!..Həmin oğlan velosipedin arxa oturacaq ya da kiçik yük yerində, hələ də adını bilmədiyim,amma o vaxtki düşüncəmlə desəm, iri konserv qutusuna oxşar qabda gətirərdi kinonu...

Artıq hamı film izləməyə hazırdır. Mayor Ramiz dayı ailəsiylə burdadı, hamının imkanlı deyib hörmət etdiyi Fəxrəddin iki qızıyla gəlib,toxuculuq fabrikində işləyən medallı Səid kişi ailəsiylə birlikdə özünü yetirib,məktəbdə qəddar müəllimə kimi tanınan Sona müəllimə də qızıyla filmi gözləyənlər arasındadır...

Mən film başlamazdan əvvəl hamını diqqətlə izləyirəm,hamıya bir-bir baxıram... ”Semiçka” çırtıltıları kəsilir, ekran işıqlanır, Şahmar rəhmətliyin səsi eşidilir... Atam deyərdi əclafın səsidə gözəldi, əntiqə aktyordu. O vaxt bilmirdim onun adı nə idi, indi bilirəm, dublyaj...

Hamı filmə baxır...Arabir eşidilən “semiçka” çırtıltıları, gülüşlər, ahlar...

Mən dostum Elbrusla lap öndə,düz ekranın qarşısında yerdən əyləşmişəm. Yazdıqca elə bilirəm ordayam...

Bir müddət keçir, film qəfil dayanır və hamı bir ağızdan “sapojnik” deyə qışqırır.Hələ indiyə qədər başa düşə bilmirəm niyə məhz “Sapojnik”..? Amma indi niyə dayandığını bilirəm...

Çox keçmir, yenidən film davam edir, hamı xoşbəxtdir...

Budur əsas an yetişdi, filmin ağlamalı yerləri ekrandadır, zalda sakitlik hökm sürür,yalnız uçan yarasaların qanad səsləri və Şahmarla Əminənin səsi eşidilir. Birdən ətrafa baxıram, analar, qızlar, yaşlılar, cavanlar, hətta kişilər də ağlayır.Düzdü, kişilər bunu göstərməməyə çalışırdılar, amma mən onların göz yaşlarını görürdüm...

Mən də ağlıyırdım və dostum Elbrus böyrümdən yumruq vurdu, kişi ağlamaz...Biz ağlamalı kinolara gəlirdik ki, ağlamayaq, kişi olduğumuzu, güclü olduğumuzu göstərək...

Amma o gün mən ağladım, yumruqdan ağladım...

Kinoteatrdan çıxıram...Hər tərəf sakitlik və qaranlıqdır.Uzaqdan filmin səsi eşidilir, evə tərəf gedirəm və birdən məktəbin stadionunda Çiçəyi bir oğlanla görürəm. Axı, Çiçək nə vaxt zaldan çıxdı, heç mən onu görmədim. Onlar əl-ələ tutub qaranlıqda gəzirlər, ürəyimdə pozğun deyirəm ona. Evə gəlib çarpayıma uzanıram, açıq pəncərəmdən filmin səsini eşidirəm və ancaq Çiçəyi düşünürəm...

Bir zamanlar Mingəçevirdə bu çox dəbdə idi, “Ağdam” çaxırı içirik dostlarımla... Artıq məktəbi bitiririk, sabah Rusiyaya yola düşməliyəm...Hava qaralır, kinoteatra tərəf gedirdik və birdən həmin o velosipedli, çəlimsiz gənci gördük. Velosipedin işığı gözümə düşür. Dostlarımdan biri oğlanı saxladı və uşaqlar onu ələ salmağa başladı. İri konserv qutusuna bənzər qabları götürüb bir-bir açdılar. Birini də mənə uzatdılar. Oğlan yalvarmağa başladı. Mən qabı açıb səliqəylə dairəvi şəkildə yığılmış lentlərə baxdım. Konservləşdirilmiş zamana...

Dostlarımdan kimsə onu vurdu,sonra o biri dostum...Lentlər toz-torpağın içinə dağıldı...Və biz qaçdıq. Guya cavanlıq...

Hələ də düşünürəm, görəsən, həmin gün adamlar kinoya baxa bildi, yoxsa yox...

Kaş ki bunu çəkə biləydim...

Deyirlər, Azərbaycanda 115 ildir ki,kino var,özüdə milli kino. Deyirlərsə deməli var...

İllər sonra Almodavarlar gördüm, Tornatorlara baxdım, Tarkovskilərdə çaşdım, Formanlarda insan oldum, Kusturitsalara oxşamaq istədim, Arif Babayev xiffəti çəkdim...

Üzüldüm, kövrəldim, sadələşdim fəqət bəsitləşmədim, özümü tanıyan andan yaşamaq və çəkmək istədim...

Kino sahəsində çalışan əziz həmkarlar, hər birinizi təbrik edirəm və arzu edirəm ki,insanlar sizin filmləri seyr edib bax beləcə köks ötürsünlər, sizin filmlərinizdə özlərini görsünlər, sizin filmlərinizdə sevsinlər, sevilsinlər...

Arzu edirəm ki,müxtəlif cəmiyətlərə, təşkilatlara bölünüb 115 yaşlı kişini biabır etməyəsiniz, icazə verin kişi heç olmasa yerdə qalan illərini rahat yaşasın,onsuzda onunki ona bəs edər...

Əziz kino xadimləri sizdən sizə müqəddəs olan bu gündə rica edirəm,bir qədər təvazökar olun, obyektiv baxın olanlara. Mən sizə irad tutmuram, sizi nədəsə ittiham etmirəm, sadəcə hərdən kreslonuzdan qalxın, öz hesabına kino çəkən gəncləri görün, festivallarda iştirak edən, kino eşqiylə alışıb yanan balalara diqqət yetirin. Fərdiliyi və münasibətləri heç olmasa bir günlük qoyun kənara, obyektiv olun, obyektiv...Məncə bu, o qədər də çətin deyil...

Bir neçə il bundan əvvəl , onda mən iki televiziya filmi çəkmişdim, həmin bu 2 avqust günü kinoyla məşğul olan bir neçə yaşıdımla bayram tədbirinin başlanacağı yerin qarşısındakı çayxanada əyləşmişdik, ovqatım da əla idi. Həmkarlarımızdan biri yaxınlaşdı, hamıyla görüşüb təbrik etdi,mənə çatanda “sənin bayramın deyil” dedi və üzümə güldü. Guya zarafat edirdi...

Mən həmin gün o tədbirə getmədim, parkda tək oturdum, dəvətnaməni də cırıb tulladım. Həmin sözün təsirindəyəm hələ də... Bəlkə də kino ictimaiyyəti məni qəbul etmir, amma olsun... Mən sizi yox, kinonu sevirəm, çəkə bilməsəm də öyrənərəm, öyrədərsiniz...

Hər şeyə rəğmən,səni təbrik edirəmCavid ! Milli kino günün mübarək!

Deyirlər, Azərbaycanda 115 ildir ki, kino var,özüdə milli kino. Deyirlərsə deməli var...

25il sonra bayram günlərinin birində TV kanallarına baxıram və həmişə olduğu kimi “Dədə Qorqud”lar, “Nəsimi”lər, “Uzaq sahildə”...


Teqlər:  





Xəbər lenti