Hitlerin zabitləri NATO və BMT rəhbərliyində - DOSYE

Hitlerin zabitləri NATO və BMT rəhbərliyində - DOSYE
  13 İyul 2016    Oxunub:9507
II Dünya Müharibəsi başa çatandan sonra hərbi canilərin çoxu hərbi tribunallarda ittiham olundular. Lakin keçmiş hitlerçilərdən bəziləri NATO, BMT və CİA kimi təşkilatlarda çalışmağa başladılar. Onların arasında ABŞ kəşfiyyatı, kosmik sənayesi, eləcə də hərbi texnologiyasının inkişafında böyük işlər görənlər də az deyil.

1961-ci ildən ildən etibarən Hitler Almaniyasının 136 nəfər keçmiş general və admiralı hazırkı Almaniya silahlı qüvvələrinin (Bundesver) ən yüksək postlarında çalışmağa başlayıblar. Baxmayaraq ki, onlar II Dünya Müharibəsinin fəal iştirakçıları idilər.

"Vermaxt"ın ən yüksək rütbəli zabitləri 1961-ci ildə NATO daxilində də önəmli rəhbər vəzifələrə gətiriliblər. Misal üçün Gerhard Vagner, Volf Qraf Baudissin, Ernst Kusserov, Hurkhart Müller-Hillebrand, Yohannes Şteinhoff, Hans Şpaydel, Adolf Hoyzinqer və digər adları çəkmək olar.

Kurt Valdhaym - 1938-ci ildə Nasional Sosialist Partiyasının və "SA" birliklərinin üzvü olub. II Dünya Mühribəsindən sonra 1968-ci ildən 1970-ci ilə qədər Avstriyanın xarici işlər naziri, 1972 və 1982-ci illərdə düz 2 dəfə BMT-nin baş katibi vəzifəsində çalışıb. 1986-cı ildə Avstriya Prezidenti seçilib. Vermaxtda xidmət etdiyi müddətdə Şərq cəbhəsində yaralanıb və daha sonra "Oberleutnant" rütbəsinə kimi yüksəlib.

Verner fon Braun - Nasist Almaniyasının ən mükəmməl raket mühəndisi olub. Müharibədən sonra ABŞ üçün çalışmağa başladı və Amerikanın raket texnologiyası məhz onun sayəsində sürətlə inkişaf etdi. Adolf Hitler üçün çalışdığı müddətdə Şturmbannfürer rütbəsinə qədər yüksəlmişdi. Müharibənin sonuna yaxın sovetlərin əsirlərə zülm etdiyini eşitən fon Braun amerikalılara təslim oldu. ABŞ-a aparılaraq, orada fəaliyyətə başladı. İlk insanı Aya aparan "Apollo" layihəsinin "Saturn-V" raketinin yaradıcısı məhz fon Braundur. 1970-ci ildən isə NASA-nın planlaşdırma bölümünə rəhbərlik edib.

Adolf Hoyzinqer - II Dünya Müharibəsi zamanı Almaniya ordusunun Polşa, Danimarka, Norveç və Fransanı işğalında çox önəmli rol oynamış generallarından biri olub. 1957-ci ildən 1961-ci ilə qədər "Bundesver"də əhəmiyyətli vəzifələrdə çalışıb. 1961-ci ildən 1964-cü ilə qədər Adolf Hoyzinqer NATO hərbi komitəsinin rəhbəri olaraq Vaşinqtonda çalışıb.



Raynhard Gelen - Hitler Almaniyasının ən məşhur kəşfiyyat isimlərindən biridir. II Dünya Müharibəsindən sonra ABŞ üçün çalışmağa başladı. Gelen SSRİ ilə bağlı o qədər ciddi və tutarlı faktlar toplamışdı ki, istər-istəməz Amerikada lazımlı adama çevrildi. Təxminən 1950-ci illərdə CİA Gelenin rəhbərlik etdiyi və 350 nəfər keçmiş nasistin toplaşdığı alman xüsusi xidmət orqanı yaratdı. O, Almaniyanın hazırkı xüsusi xidmət orqanı kimi tanınan BND-dir.

Hans Şpaydel - Adolf Hitlerin generallarından biri olub, daha sonra NATO-da yüksək post tutub. Şpaydel qatı alman miliyyətçisi kimi tanınıb. 1950-ci ildə Almaniya kansleri Konrad Adenauer onu hərbi təmsilçi olaraq vəzifəyə təyin edib və 1955-ci ildə Şpaydel ordu generalı rütbəsinə yiyələnib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti