Onlar da 700 bal topladılar - FOTO

Onlar da 700 bal topladılar - FOTO
  18 İyul 2016    Oxunub:8925
Xəbər verdiyimiz kimi, iyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
IV qrup üzrə 700 bal toplayan abituriyentlərdən biri də Şəmkir rayonu Natiq Süleymanov adına Çinarlı qəsəbə tam orta məktəbinin məzunu Zülfüqarov Orxan Əzim oğludur.



Orxan Zülfüqarov AzVision.az-a açıqlamasında qəbul imtahanında 700 bal toplayacağına əmin olduğunu bildirib: “Çalışdım ki, imtahanda diqqətli olum və mexaniki səhvlərə yol verməyim. İstədiyimə də nail oldum. Atam riyaziyyat müəllimi olduğu üçün hər zaman mənimlə məşğul olub. Digər fənlərdən isə 2 il il hazırlaşmışam. Müxtəlif fənn olimpiyadalarında iştirak etsəm də, sonacan getməmişəm. Qızıl və gümüş medala namizədliyim barədə isə hələ düşünmürəm”.

O.Zülfüqarov sənədlərini hansı ali məktəbə verəcəyinə dair qərar vermədiyini deyib: “Oxuyacağım ali təhsil ocağını hələ seçməmişəm. Ola bilsin ki, xaricdə təhsilimi davam etdirim”.



Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılova da IV ixtisas qrupu üzrə maksimal nəticə göstərib: “İnanmazdım ki, 700 bal toplayım. 680 gözləyirdim, çünki sonuncu dəfə sınaqdan 680 bal toplamışdım. İki il müəllim yanında hazırlaşmışam. Onun nəticəsidir ki, yüksək bal toplaya bildim. İxtisas seçimində Tibb Universitetinin Müalicə işi fakültəsinə sənəd verməyi düşünürəm”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti