Böyük Britaniyada azərbaycanca qəzet paylanıldı

Böyük Britaniyada azərbaycanca qəzet paylanıldı
  25 Fevral 2013    Oxunub:1637
Qəzet könüllü olaraq azərbaycanlılar tərəfindən ərsəyə gətirilib.
Azərbaycanca aylıq ictimai-mədəni “Birlik” gənclik qəzetinin ilk nömrəsi çap edilib. Qəzet Böyük Britaniya ali məktəblərində oxuyan tələbələr və təhsilini artıq bitirmiş məzunlar tərəfindən könüllü olaraq ərsəyə gətirilib.

Baş redaktor Səməd Səfərovun AzVision.az-a verdiyi məlumata görə, 500 tirajla dərc edilmiş qəzetin bütün nömrələri bir həftə ərzində London Siti, Vestminister, Mançester, Nyukasl, Aberdin və digər universitetlər də daxil olmaqla Böyük Britaniyanın müxtəlif bölgələrindəki 25 ali məktəbə paylanılıb.

“Birlik” qəzetinin ilk nömrəsinin səhifələrində “Xarici pasportu itirdikdə nə etməli?”, “Britaniya xalqlarının mənşəyi”, “Britaniyada sürücülük vəsiqəsi”, “Ah, bu çətin qürbət həyatı”, “Tələbənin mətbəx gündəliyi” və s. adlarda məqalələr dərc edilmişdir. Uels Universitetinin məzunu Soltan Bayramov “Xaricdə təhsil və gələcək karyera qayğıları” məqaləsində təhsildən sonra tələbələrin qısamüddətli Britaniyada qalıb işləmək və ya birbaşa Azərbaycana qayıtmaq seçimlərini müzakirə etmişdir. Mançester Universitetinin tələbəsi Ziya Qafarlı “Novruz bayramı tədbirinin təşkili üzrə məsləhətlər” məqaləsində isə gələn ay bayram münasibəti ilə mədəniyyət tədbiri təşkil etməyi arzulayan tələbələr üçün dəyərli məlumatları bölüşmüşdür. London Siti Universitetinin məzunu Aynur İsparova isə “Tələbəlik həyatımdan bir tarixçə” məqaləsində tələbə ikən universitetində öz rəhbərliyi ilə Azərbaycan Tələbə Cəmiyyətinin əsasının qoyulması tarixçəsini təsvir edib.

Xatırladaq ki, qeyri-kommersiya məqsədli layihənin əsas hədəfi Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirməni inkişaf etdirmək, tələbələrin həyatını işıqlandırmaq, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığı genişləndirmək, təcrübələrin bölüşdürülməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq və yazmağı sevən gənclər üçün yaradıcı meydan qurmaqdır. Qəzetin növbəti sayı mart ayının sonuna nəzərdə tutulub. Layihə barədə əlavə məlumat üçün saytı ziyarət edə bilərsiniz: www.birlik.co.uk


Teqlər:  





Xəbər lenti