Rio Olimpiyadasında 14 güləşçimiz iştirak edəcək
Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri də Braziliyaya yola düşən nümayəndə heyəti arasında olub. Güləşçilərimiz Olimpiya Oyunlarının keçiriləcəyi Rio-de-Janeyro şəhərində Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında da iştirak edəcək.
Olimpiadada ölkəmizi təmsil edəcək 14 güləşçidən 6-sı sərbəst, 5-i yunan-Roma, 3-ü isə qadın güləşi üzrə yarışlarda iştirak edəcək.
14-16 avqustda mübarizəyə qoşulacaq yunan-Roma güləşçilərimiz baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edəcək. Heyətdə Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) yer alacaq.
Avqustun 17-18-də qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Yarışlarda baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Nataliya Sinişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) mübarizə aparacaq.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yarışlarında Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq. Yarışlar 19-21 avqustda baş tutacaq.
Bundan başqa, güləş yarışlarının idarə edilməsində Azərbaycanı Olimpiya dərəcəli hakim Hicran Şərifov da təmsil edəcək.
AzVision.az
Teqlər: