Bugünkü qəzetlərdən ƏN MARAQLI SEÇMƏLƏR

Bugünkü qəzetlərdən ƏN MARAQLI SEÇMƏLƏR
  25 Fevral 2013    Oxunub:1711
Gündəm Xəbər


Saatlıda vəhhabilərdən şok vəhşilik

Saatlı rayonunda qəbiristanlıq dağıdılıb. Bu barədə Saatlı rayonunun Musalı kənd sakinləri məlumat veriblər. Onların bildirdiyinə görə, ötən gecə naməlum şəxslər tərəfindən Saatlı rayonunun Musalı kəndində yerləşən qəbiristanlıqda 60-a yaxın qəbrin baş daşları sındırılıb və aşırılıb. Saatlı rayon Polis Şöbəsindən məsələnin hələlik araşdırıldığını bildiriblər. Saatlı sakinlərinin bildirdiklərindən isə belə aydın olur ki, qəbirlərin dağıdılmasında yerli sakinlər vəhhabilərdən şübhələnirlər. Sakinlər bildirir: “Son zamanlar rayon ərazisində vəhhabilərin sayı durmadan artmaqdadır. Müxtəlif şirnikləndirici təkliflər hesabına gəncləri öz sıralarına qatan vəhhabilər az qala bütün kəndlərdə özlərinə dayaq yaradıblar.” Qeyd edək ki, vəhhabilər Azərbaycan ərazisində buna qədər də müqəddəs pirləri, qəbirləri dağıtmaları ilə diqqətə gəliblər.

Hürrü Əliyevdən cavab gəldi

Mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli onun ailəsi adından bəyanat yayaraq bildirib ki, “Vahid millət” İctimai Birliyinin sədri Hürrü Əliyev ləyaqətsiz addım atmaqla Elçibəyin müqəddəs ruhunu incidib. Hürrü Əliyev A.Səmədbəylinin ittihamına cavab olaraq bildirib ki, bəzi şəxslər xəbəri olmadan yeni yaratdığı təşkilatın Əbülfəz Elçibəy adına olduğunu söyləyir. Onun sözlərinə görə, yeni yaranmış “Vahid millət” İB milli ideologiyanı təbliğ edən Qeyri-Hökumət Təşkilatıdır: “Təşkilat gəncləri vətənpərvərliyə, doğru yola, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda mübarizəyə yönəltmək üçün təbliğat aparacaq. Nə “Əbülfəz Elçibəy mərkəzi”, nə “Elçibəy Fondu”, nə də “Elçibəy məktəbi” adlı təşkilat yaranmayıb. Mən Elçibəy adından heç bir təşkilat yaratmamışam. Vahid millət, bütövlük, azadlıq deyilən bir yerdə, əlbəttə, Elçibəyin ismi hallanır. Bu ayrı məsələdir. Xüsusi olaraq mənim Elçibəy adına təşkilat yaratmağım barədə deyilənlər yanlışdır. Mənim Elçibəyin adından faydalanmağa ehtiyacım yoxdur.


Bakı Xəbər


Qarabağda ABŞ-ın, ya Avropa Birliyinin sülhməramlı qüvvələri...

Son dövrlərdə Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı müxtəlif fikirlər səslənmək də, fərqli məlumatlar yayılmaqdadır. Bu günlərdə rusiyalı politoloq, Qara dəniz və Xəzər regionu Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov belə bir iddia ilə çıxış etmişdi ki, ABŞ Dağlıq Qarabağda öz sülhməramlı qoşunlarını yerləşdirmək üçün BMT-dən mandat istəyib. Onun sözlərinə görə, ABŞ artıq iki dəfə Dağlıq Qarabağda öz sülhməramlı qoşunlarını yerləşdirmək üçün BMT-yə müraciət edib: "Lakin BMT buna hələ müsbət cavab verməyib". ABŞ-ın İrana hücumla bağlı planlarını təxirə salmadığını söyləyən politoloq Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsinin bu planın tərkib hissəsi olduğunu bildirib. Avropa İttifaqı sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi məsələsi zaman-zaman gündəmə gəlib. İttifaq özü isə bununla bağlı qəti mövqe bildirmir. Avropa İttifaqı bəyan edir ki, belə bir addım zəruri və xeyirli olsa, Avropa İttifaqı bu işə öz töhfəsini verməyə hazırdır.


Yeni Müsavat


“Daş yuxular” Ziyalılar Forumuna gözlənilməz və ağır zərbə oldu

Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyevlə söhbətimiz baş tutdu. O açıqlamasında bildirdi ki, Rüstəm İbrahimbəyovun EL Hərəkatına bir mənəvi dəstəyi olub, yəni xeyir-duasını verib. Hərəkatı Ziyalılar Forumu ilə qarışdırmaq lazım deyil. EL Hərəkatının əsas prioritet istiqaməti odur ki, əhalinin passiv hissəsini aktivləşdirək. Yəni pozitiv inkişafın generatoruna çevrilmək məqsədi var. O hətta Əkrəm Əylislinin romanı barədə danışdı vı qeyd etdi ki, Əkrəm Əylislinin “Daş yuxular”ı çox gözlənilməyən və ağır zərbə oldu. Amma buna baxmayaraq, biz bu zərbədən xilas olub yenə də öz yolumuzla gedirik. “Daş yuxular”dan Ziyalılar Forumundan, rəhbərlikdən heç kimin xəbəri yox idi. Əkrəm Əylisli mənim dostum, həm də qonşumdur. Mən də bu əsərdən xəbərsiz idim.

ABŞ səfiri seçki ilində bölgələri gəzir?

Ötən həftənin diqqəti cəlb edən hadisələrindən biri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanın bölgələrinə səfərlər etməsi oldu. Diplomat Kürdəmir, Gəncə və Mingəçevirə gedərək ictimaiyyət təmsilçiləri və rəsmilərlə görüşlər keçirib. Səfirin prezident seçkisi ilində və rayonlarda son vaxtlar müşahidə olunan əhali etirazları fonunda bölgələrə səfərə çıxması maraq doğurur. Bu mövzuda söhbət etdiyimiz Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, bu səfər informasiya toplamaq və seçki ilində Azərbaycanın haqqında düzgün siyasi qərarlar verilməsi üçündür. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, səfirlərin fəaliyyət göstərdikləri ölkələrin bölgələrinə səfərləri beynəlxalq münasibətlər sistemində təsbit olunub. ABŞ-ın və ya digər ölkələrin səfirlərinin Azərbaycanla tanışlığı, ictimaiyyətlə görüşləri qadağan olunmayıb.


Azadlıq


Ziya Məmmədovun köhnə dəsti-xətti

Nəqliyyat naziri Ziya Məmmədov “Azəryolservis”in şefi Cavid Qurbanovu “vurmaq”da israrlıdır və qısa müddət ərzində bu niyyətini həyata keçirmək istəyir. Bu barədə “Azadlıq”a Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirir ki, Cavid Qurbanovla məsələ də Ziya Məmmədovun köhnə dəsti-xətti açıq-aydın görünür.
“Ziya Məmmədov vaxtilə Bəhram Yaradanquliyevlə də eyni üsulla davranıb. Onun bu posta gəlməsində böyük əməyi olan Bəhram Yaradanquliyevin nüfuzu artdıqca Ziya Məmmədovun onu sıradan çıxarmaq haqqında düşünməyə başladı. Nəhayət, nazir iddiasını reallaşdırdı və Bəhram Yaradanquliyev ”vuruldu". Ziya Məmmədov öz əyər-əskiklərini də onun üzərinə qoydu. Indi eyni plan Cavid Qurbanovla bağlı işə düşüb", - deyə mənbə bildirib.




Teqlər:  





Xəbər lenti