AzVision.az xəbər verir ki, mərasim “Marakana” stadionunda təşkil olunub. Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıb. Bədii hissə başa çatdıqdan sonra komandaların paradını ənənəvi olaraq Yunanıstanın idmançıları açıb.
Atəşfəşanlıqdan sonra qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin artması, ekoloji problemlərin artması və bundan çıxış yolları ilə bağlı videoçarx nümayiş etdirilib. Filmdə meşələrin bərpası istiqamətində Braziliyada, o cümlədən Rio-de-Janeyroda həyata keçirilən tədbirlər əks etdirilib.
Sonra komandaların paradı başlayıb. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları arenaya daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar.
Təntənəli mərasimdə XXXI Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Karlos Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış ediblər, Braziliya prezidentinin səlahiyyətlərini icra edən Mişel Temer isə XXXI Yay Olimpiya Oyunlarının rəsmi şəkildə açıq elan edib. Oyunların məşəlini 46 yaşlı yüngül atlet, marafonçu Vanderley de Lima alovlandırıb
AzVision.az