İslam Həmrəylik Oyunları Rioda təqdim olundu
Qonaqları salamlayan nazir Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, I Avropa Oyunlarını, “Formula 1 Grand Prix” turnirini və digər Avropa, dünya çempionatlarını buna misal gətirib. Azad Rəhimov deyib: “Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək.”
Azad Rəhimovun çıxışından sonra qonaqlar üçün IV İslam Həmrəyliyi Oyunları haqda hazırlanmış film nümayiş etdirilib. Filmdə IV İslam Oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar öz əksini tapıb.
Filmin nümayişindən sonra nazir Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prossesi, akkreditasiya, idmançıların qalacaqları məkanlar, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı sualları cavablandırıb, fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
AzVision.az