Prezidentliyə əməkdar namizədlər

Prezidentliyə əməkdar namizədlər
  25 Fevral 2013    Oxunub:2394
“İsa Qəmbərlə Etibar Məmmədov “prezidentliyə əməkdar namizəd”ə çevrilib”.
Bu fikri ADP sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu AMİP lideri Etibar Məmmədovun seçkidə iştirak etmək perspektivini şərh edərkən bildirib ki, siyasətdə iştirak etməyən bir adamın siyasi proseslərdə nailiyyət əldə etməsi absurddur: “Bu, baxımdan Etibar Məmmədovun 2013-cü il prezident seçkisində iştirak eвəcəyinə inanmıram. Çünki bu niyyətdə olsaydı, bir il bundan qabaq siyasətə qayıdardı”.

Partiya sədri Etibar Məmmədovu və Müsavat başqanı İsa Qəmbəri “əməkdar prezidentliyə namizədlər” adlandırıb: “Azərbaycanda “əməkdar prezidentliyə namizədlər” fikri formalaşıb. Müəyyən adamlar uzun müddət təkrar prezidentliyə namizədliyini verir. İsa Qəmbər, Etibar Məmmədov da bu siyahıda yer alır”.

Sərdar Cəlaloğlu onu da qeyd edib ki, bu yanlış yanaşmadır və müxalifətin özünün böhran keçirməsinin əsas səbəblərindən biri də məhz eyni şəxslərin namizədliyidir. “Siyasi və beynəlxalq situasiyanın dəyişdiyinə baxmayaraq, müxalifətin ənənəsi dəyişmir. Namizədi və seçki texnologiyası sabit qaldığından elə yerində sayırlar və nəticə əldə edə bilmirlər. Azərbaycan müxalifətinin uğur qazanması üçün yeni bir sima təqdim olunmalıdır. Yalnız bu halda seçkilərdə nəsə gözləyə bilərik. Bizdə isə əksinədir. Məşhur atalar sözünü xatırlatmaq yerinə düşərdi: “Köhnə hamam, köhnə tas”. Bundan əvvəl də Etibar Məmmədov və İsa Qəmbər seçkidə iştirak edib və nəticələr göz qabağında olub. Yenidən eyni şeyi təkrarlamağın heç bir mənası yoxdur”-deyə Sərdar Cəlaloğlu etirazını bildirib.

AMİP-in seçkilərdə iştirakla bağlı bir neçə partiya ilə danışıqlar aparması haqqında yayılan informasiyalara da münasibət bildirən partiya sədri bu haqda onda məlumat olmadığını bildirib.
“AMİP Demokratik Qüvvələrin Məşvərət Məclisinin üzvüdür. Məşvərət Məclisi çox güman ki, öz içindən namizədlərini müəyyənləşdirər. Bu yaxınlarda onların nümayəndələr palatası da yaradılıb. Düşünürəm ki, AMİP Məşvərət Məclisindən kənarda dəstək axtarmaz və namizəd verməz. Bu yalnız o halda reallaşa bilər ki, AMİP bu strukturdan çıxsın və müstəqil fəaliyyət göstərsin. Danışıqlar aparılması ilə bağlı məlumatları da əsassız sayıram”.
(modern.az)



Teqlər:  





Xəbər lenti