TQDK yenə imtahan keçirəcək

TQDK yenə imtahan keçirəcək
  07 Avqust 2013    Oxunub:1257
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə avqustun 17-də baza fənləri üzrə, avqustun 18-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlər avqustun 6-dan 15-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün 2 ədəd TQDK-nın virtual ödəmə karti tələb olunur. Ödəmə kartlarını elektron xidmətlər portalında göstərilən internet ünvanlarından əldə etmək olar.
Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən namizədlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin-kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Sınaq imtahanları Bakı şəhərində keçiriləcək.
Sınaq imtahanına gələrkən namizədlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır. Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq. İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti