“Bizdə şou-biznes toylardan asılıdır” – MÜSAHİBƏ

“Bizdə şou-biznes toylardan asılıdır” – MÜSAHİBƏ
  07 Avqust 2013    Oxunub:2862
“Azvision.az”-ın budəfəki qonağı prodüser, LİDER tv-nin “Solo” verlişinin aparıcısı, eyni zamanda son illərdə hitə çevrilən mahnıların müəllifi Murad Arifdir.
- Necə gedir həyat?

- Şükür. Həyatımdan razıyam. Hər halda, yazdığım bir mahnıda belə bir cümlə işlətmişəm: "Dünya sənin əlində, yaşa ömrü sonuncu günün kimi"... Öz şüarlarıma əməl etməyə çalışıram. Hər zaman da şükür etməyi unutmuram. Şükranlıq mənim bu həyatda bir missiyamdır artıq.

- Mahnı yazmaqdan söhbət düşmüşkən, özünüzü bəstəkar adlandırırsınız?

- Bu gün çox özünə “bəstəkar”, “güclü mahnı yazan”, “vazgeçilməz damartutan”, “gündəmi dağıdan” deyənlərin, hətta konservatoriya bitirməyi ilə öyünənlərin qarşısına "doqquz qoyacaq" mahnılarım var. Amma bu, mənə əsas vermir ki, özümə bəstəkar deyim. Bəstəkarlıq professional dərəcədir və mən o dərəcəyə uyğun deyiləm. Mən qeyri-formalam. Mən sadəcə mahnı yazıram, müəllifəm.

- Necə oldu ki, bəstəkarlıq qərarına gəldiniz?

- Mahnı yazmaq qərarına gəlməyimi xatırlamıram. Hələ lap uşaqlıqdan, doqquz yaşımdan, aldığım ilk piano dərslərində nələrsə uydurmağa başlamışdım. Gündə bir melodiya yazırdım. Hər gün nələrisə "öz mahnımdır" deyib mızıldanırdım. Qəribədir ki, uzun illər buna ciddi yanaşmamışam.

- Özünüzü şou-biznesə aid edirsiniz?

- Mütləq aid edirəm. Müasir azəri-pop musiqisinin bir hissəsiyəm, əyləncəli, musiqili verilişlərin peşəkar aparıcısıyam. Hər iki istiqamət bilavasitə Show-biznes-in qollarıdır. Sadəcə bizdə show-biznes qaydaları fərqlidir. Bütün struktur toylar üzərində qurulub, toylardan asılıdır. Bizim taleyimiz də belə gətirib, nə edək? Buna da şükür.

- Bəs Murad Arifi toylarda görmək mümkündürmü?

- Məhərrəmlik ayını çıxmaq şərti ilə, hər ay toylarda görmək mümkündür. (gülür) Artıq 10 ilə yaxındır ki, sevə-sevə və məmnuniyyətlə toy aparıram.

- Etiraf edirsiniz ki, sənət adamlarının qazancı toylardan çıxır? Əgər elədirsə, niyə çoxları bunu etiraf etmək istəmir?

– Sənət adamı dedikdə, müğənnilərin, aparıcıların ən uğurluları bir qayda olaraq toylardan asılı vəziyyətdədir. Toy aparmasalar qonorar hardan alsınlar? Sadəcə bəziləri utanaraq bunu edirlər deyə, müsahibələrdə bu haqda danışmaq istəmirlər. Onları baha düşmək olar. Xarici kanallara çox baxıblar. Məsləhət görərdim ki, rahat olsunlar bu barədə. Toylar reallığımızdır.

- Açıqlamalarınızın birində "Xəyyam, Elton, Ayaz ulduz deyillər!"demisiniz. Bu, doğrudur?

- Bəlkə də Xəyyam, Ayaz, Elton kiminləsə nisbətdə ulduz kimi görünür. Hər şey nisbətdən asılıdır. Mən "Ulduz" dedikdə, o sözə öz göstəricilərimlə yanaşıram. Bizdə, ümumiyyətlə, səhnədə geyimi, danışığı, dinamikası ilə "ulduz" adını daşıyacaq şəxslər 4-5 nəfərdən çox deyil. Yenə də səbəb toylardır. Adamlar toydan qazanırsa, toya uyğun geyinəcək, oxuyacaq, düşünəcək, danışacaq və s. Bu nə pisdir nə də yaxşı. Bunu qəbul etmək lazım. Ayaz kimi bir potensial, başqa ölkədə doğulsaydı, formatı da başqa cür olardı.

- Hazırda Bakıda yaşamağınıza baxmayaraq sizi doğulduğunuz Sumqayıtla nəsə bağlayır?

- Bacım və onun üç mələk üzlü qız balaları Sumqayıtda yaşayır. Bundan başqa, bağça, məktəb, uşhaqlıq, yeniyetməlik illəri, gəncliyimin parçası, məhlə uşaqları və daha nələr-nələr. Amma, mən daha çox 80-ci illərin Sumqayıtını sevirəm. O vaxt başqa cür idi mənim şəhərim. Rok dinləyirdilər sumqayıtlılar, hamı bir-birini tanıyırdı, qonşular məhlədə oynayan bütün uşaqlara öz övladları kimi baxırdı. Artıq 1988-ci ildən sonra vətənimiz də dəyişdi, Sumqayıtım da. İş yerləri azaldı, ehtiyac çoxaldı, müharibə və qaçqınlıq, mehribanlıq, savad, təhsil, etibar hər şey dəyişdi. Mentalitetlər, zövqlər, prinsiplər qarışdı.

- İşinizdə uğurlu birisiniz bəs bunu ailənizə də şamil etmək olarmı?

- Nəfəs alıram onlarla, onlar üçün yaşayıram, yaradıram, işləyirəm. Efirim, studiya işərim, toy və ya korporativ aparmıramsa, deməli evdəyəm, ailəmləyəm. Ya onlarla havaya çıxıram, bulvara, parka, bağa, ya da, rayonlarımıza. Hər zaman onlarlayam. "Ailədə uğurlu olmaq" nəyə deyirsiniz?

- Ailə həyatınız uğurlu alınıbmı deyə soruşmaq istəmişdim.

- Əlbəttə ki, özüm sevib özüm də bəyənmişəm, elçiliyi xəlvət özüm etmişəm.

- Deyirlər forumda tanış olmusunuz. Doğrudur?

- Hə 2007- ci ildə, musiqi forumlarının birində, xarici mahnılarla bağlı müzakirələrdə zövqlərimiz üst-ustə düşdü. Uzun müddət adlarımızı və şəkillərimizi gürmədən, söhbətləşirdik. Getdikcə anladım ki, bu ünsiyyət mənim uçün cox vacib olmağa başlayır. O, çox romantik idi.

- Bəs siz necə? Romantiksiniz?

- Sizcə? Tünzalə üçün "Urəyimsən", Zamiq üçün "O mənə inanır", Natavan üçün "Damlalar" yazan oğlan romantik olmaya bilərmi? O mahnıların hər birini yaşamaq var axı.

- Bəs "təyyarələr" necə? Sizi tez-tez ayırır?

- Evlənəndən artıq bir yerdə uçuruq.(gülür)

- Bu mahnını deyəsən oğurlamışdılar. Axırı necə oldu?

- Hə, “Təyyarələr”i oğurlamşdılar. Rusiya muğənnisi oxumuşdu. Onları tapdım, haqqlarımı bərpa edib, adımı yazdırdım və qonorarımı da aldım.

- Qonorardan söhbət düşmüşkən bir mahnıya görə qonorar təxmini nə qədərdir? Əgər sirr deyilsə?

- Kommersiya sirridir.(gülür) Amma qiymətlər nisbidir. Havayı da olur, ucuz da, bahalı da. Baxır maraqların toqquşmasına.

- Bir çoxlarına hələ də maraqıdır, “Maşın-şou”dan apardığınız maşını neynədiniz?

- Satdım. Ehtiyaclarıma xərclədim. Bu şans üçün Murad Dadaşova hər zaman minnətdar olacağam!

- Necə düşünürsünüz həmin şoudan sonra sizə olan rəğbət artdı ya azaldı?
- Qalibləri mühakimə etmirlər. Ümumiyyətlə isə, hər insanın yaxşı və pis kimi görünən tərəfləri ola bilər. Mən şəxsən heç nədən peşiman deyiləm. Çünki, hər şey mənim üçün bir sınaqdır.

- Dediyiniz kimi sevib evlenmisiniz, sizce evlilik sevgini öldürür?

- Evlilik sevgini yaşadır, artırır, daha da kamil edir, münasibətləri daha ciddi, möhkəm bağlarla bağlayır. Sadəcə hər şey insanın özündən və niyyətindən asılıdır. Cavanlarımız "Ailə qurmaq" kəlməsini yaxşı dərk etməli. "Evlilik" hər şeyin ən gözəlini çoxaltmaq deməkdir. Ağlı olan evlənsin, məncə!

- Qadağalara və streotiplərə qarşı çıxan biri kimi görünürsünüz. Bu həyat yoldaşınıza qarşı da belədir yoxsa xüsusi qadağalar var?

- Sevənlər, bir-birlərinin nədən xoşlanıb-xoşlanmadığını bilməlidir və buna əməl etməlidir ki, qadağaya ehtiyac qalmasın. Misal üçün: Mənim, tutaq ki, şlyapa taxan xanımlardan xoşum gəlmirse, bunu taxan xanımlara irad bildirə bilmərəm. Çünki ozləri bilər. Qınamayacam, tənqid etməyəcəm! Qarışmayacam. Budur mənim müasirliyim. Amma, mənim həyat yoldaşım bu zövqümü mütləq nəzərə almalıdır. İnsan münasibətdədirsə tam azad ola bilmə0z. Öz yarını düşünərək geyinməli, danışmalı və davranmalısan. Bu adi hörmətdir.

- Aparıcısı və müəllifi olduğunuz "Solo" verilişi efirdəki digər musiqili verilişlərdən nə ilə fərqlənir sizcə?

- "Solo" əslində formatına görə çox unikal və lazımlı bir proqramdır. Maqazin proqramlarının dövründə, müğənnilərin canlı oxumaq qabiliyyətini göstərən bir layihədir. Əgər bütün ifaçılar proqrama canlı ifa ilə gəlsə, o zaman veriliş öz missiyasını yerinə yetirmiş olur. Təəsüf ki, bu bir çox məşhur müğənnilər üçün çətin başa gəlir. Aparıcı olaraq çalışıram ki, qonaqlarımın zövqünü, dünya görüşünü, daxili aləmini tamaşaçılara tam açım. Mənə tez-tez deyirlər ki, "filankəsi sənin proqramından sonra başqa cür kəşf etdim!" Bax budur missiyamız.

- Sonda əlavə etmək istədiyiniz nəsə varmı?

- Əlavə etmək istediyim xüsusi bir şey yoxdur. Sadəcə demək istəyirəm ki, insanlar qeybət və mühakiməyə vaxt xərcləməsin. Ondansa çoxlu kitab oxusunlar.

Səbinə Məmmədova
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti