Sarkisyan Abramyanı niyə `qurban` verdi? - ŞƏRH

  09 Sentyabr 2016    Oxunub : 3701
Sarkisyan Abramyanı niyə `qurban` verdi? - ŞƏRH
“Ermənistanda hökumətin istefaya göndərilməsi gözlənilən idi. Bu ölkədə iqtisadi-sosial vəziyyət böhran içərisindədir. Bunun səbəbkarı prezident Serj Sarkisyanın yürütdüyü daxili və xarici siyasətdir”.

Bu fikirləri politoloq Elxan Şahinoğlu Ovik Abramyanın Ermənistanın baş nazir postundan istefa verməsi və bu ölkədəki siyasi vəziyyəti AzVision.az -a şərh edərkən bildirib.

Politoloqun fikrincə, Sarkisyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmır, bu da faktiki olaraq Ermənistanı bütün layihələrdən kənarda qoyur: “Bu halda Ermənistanın gəlir əldə etmə imkanları sıfıra bərabərdir. Serj Sarkisyan başa düşür ki, vəziyyət ağırdır və cəmiyyətdən böyük tələblər var. Sarksiyan səhvlərini baş nazir Ovik Abramyana yüklədi və faktiki olaraq öz yolunda onu qurban verdi. Çünki, dəyişdirilmiş konstitusiyaya əsasən növbəti parlament seçkilərindən sonra əsas siyasi fiqur prezident yox, baş nazir olacaq”.

E.Şahinoğlu hesab edir ki, Ermənistanda hökumətin istefaya göndərilməsi Sarkisyanın parlament seçikilərinə hazırlaşdığını göstərir: “Sarkisyan növbəti parlament seçkilərinə hazırlaşır. Seçkidən sonra o, prezident yox, baş nazir olacaq. Ancaq, ölkədə vəziyyət getdikcə ağırlaşır. Sarkisyan baş naziri istefaya məcbur etməklə göstərməyə çalışır ki, vəziyyətin bu həddə çatmasında günahkar o, yox, məhz baş nazirdir”.

Politoloq əlavə edib ki, Sarkisyan baş nazir olsa belə ölkəsində vəziyyət dəyişməyəcək: “Ermənistanda vəziyyəti düzəltmək üçün heç bir resurs yoxdur. Hətta strateji müttəfiqi olan Rusiya belə Ermənistana pul ayırmaq istəmir. Ona görə ki, Ermənistanda qazanc yoxdur. Hesab edirəm ki, parlament seçkilərinə qədər bu ölkədə vəziyyət daha da gərginləşəcək. Eyni zamanda qeyd etmək lazımdır ki, polis məntəqisinin qiyamçılar tərəfindən tutulması olayı ölkədə vəziyyəti xeyli gərginləşdirdi. Bu səbəbdən güc strukturlarında bəzi dəyişikliklər oldu. Eyni zamanda aprel döyüşlərindən sonra bəlli oldu ki, Ermənistan ordusunda böyük korrupsiya halları mövcuddur. Bütün bu problemlər Sarkisyanın vəziyyətini ağırlaşdırır. Baş naziri qurban verməklə Sarkisyan özünü xilas etməyə çalışır”.



Politoloq bildirib ki, Ermənistanda kimin istefa verməsindən asılı olmayaraq, bu ölkəni sosial böhrana yuvarlanmaqdan xilas etməyəcək: “Bu gün xalq Sarkisyan qədər digər nazirlərdən də narazıdır. Bir məqama diqqət çəkmək istəyirəm. Sarkisyana prezident kreslosuna yiyələnməkdə kömək edən sabiq prezident Robert Koçaryan ad çəkmədən indiki hökuməti sərt tənqid etdi. Koçaryan bildirdi ki, bu gün Ermənistan bütün layihələrdən kənarda qalır. İndi isə “Şimal-Cənub” nəqliyyat dəhlizindən kənardadır. Separatçıların başıda dayanan, Azərbaycanda qətliamlar törədən Koçaryan başa düşür ki, Ermənistan getdikcə təcrid olunur. Təcridin ünvanı Dağlıq Qarabağdır. Ona görə də Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistan sosial böhrana yuvarlanmaqda davam edəcək. Hansı naziri çıxarırlar çıxarsınlar, situasiya müsbətə doğru dəyişməyəcək”.

Qeyd edək ki, Ermənistanın baş naziri Ovik Abramyan vəzifəsindən istefa verib. "Mən istefaya gedirəm. Bizə yeni yanaşma və yenidən başlamaq lazımdır. Biz gələcəyi düşünməli və yeni hakimiyyəti formalaşdırmalıyıq"-deyə Abramyan vurğulayıb.

Abramyanı İrəvanın sabiq meri Karen Karapetyan əvəz edib.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: