Məşhurlarımız qurban kəsəcəklərmi?

Məşhurlarımız qurban kəsəcəklərmi?
  10 Sentyabr 2016    Oxunub:4873
Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Müsəlman ölkələrində bu bayram yüksək səviyyədə qeyd olunur. Bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir, imkansız ailələr arasında bölüşdürülür.
Azərbaycanlı tanınmışlar necə bu müqəddəs gündə qurban kəsəcəklərmi?

AzVision.az-ın əməkdaşı bu suala cavab almaq üçün tanınmış şəxslərə müraciət edib.

Tarzən Ramiz Quliyev bu il maddi durumu yaxşı olmadığı üçün Qurban kəsə bilməyəcəyini deyib: “Ötən illərdə imkanım daxilində qurban kəsmişəm. Bu il qərara gəldik ki, qurban kəsməyək. Banklara borcumuz var. Maddi vəziyyətim qurban kəsməyə imkan vermir. İmkanımız olsaydı, mütləq qurbanlıq alıb kəsərdim. Sözün açığı, banka külli miqdarda borcum var. Aldığım Prezident təqaüdü və maaşımı toplayıb, kredit ödəyirəm”.

Yazıçı Vahid Əziz bu gün qurbanlıq qoyun alacağını söyləyib: “İndicə qurbanlıq qoyun almağa gedirəm. Müqəddəs bayramda azrum budur ki, ölkəmizdə əmin-amanlıq, sülh olsun, Allah xalqımızı bəladan qorusun”.

Müğənni Baloğlan Əşrəfov: “Hazırda ölkədə olmasam da, ailəmizdə qurban kəsəcəklər. Tapşırmışam ki, əti kasıb ailələr arasında bölüşdürsünlər”.

Müğənni Əli Mirəliyev qurban kəsmək niyyətində olmadığını deyib: “Qurbanlıq heyvan almağa imkanım yoxdur. İndiki durumumda hansı Qurban bayramından danışa bilərəm ki?! Ətin qiyməti 12 manat olub. Xəstə adaman, dərman almağa pulum yoxdur. Belə vəziyyətdə qurban kəsə bilmərəm”.

Xanım sənətçimiz Nüşabə Ələsgərli yas saxladığı üçün Qurban bayramını qeyd etməyəcəyini bildirib: “Anam və bacımın ili çıxmayıb. Bu səbəbdən qurban kəsib bayram etməyəcəm”.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 12 və 13-də qeyd olunacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti