Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb
  02 May 2024    Oxunub:588
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Corco Mule ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyətinə dair müzakirələr aparılıb. Milli Məclisin sədri bu cür forumların mədəni irsin qorunmasında, mədəniyyətlərarası dialoqun güclənməsində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsində mühüm rol oynadığını qeyd edib, İtaliyanın Avropada ən zəngin mədəniyyətə malik ölkələrdən biri və Azərbaycana dost ölkə olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq bildirilərək, qeyd edilib ki, bu gün Azərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə çatmasında ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Söhbət zamanı, münasibətlərimizin inkişafında parlamentlərin də vacib rolu diqqətə çatdırılıb. Son illərdə Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yarandığı qeyd edilib.

İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Qonaq müasir Azərbaycanın inkişafı və qazandığı uğurlar, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, COP29 kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Milli-Məclis   İtaliya   görüş  





Xəbər lenti