Atambayev müalicə üçün Türkiyədən Rusiyaya getdi
AzVision.az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, prezident Rusiya tərəfinin dəvəti və mütəxsislərinin məsləhəti ilə Moskvaya gedib.
Atambayev Moskvada Mərkəzi Klinik Xəstəxanada müalicəsini davam etdirəcək.
Xatırladaq ki, sentyabrın 19-da Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi məlum olub.
"Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib", - deyə sayta yerləşdirilən məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: "Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub".
Eldar Tanrıverdiyev
AzVision.az