Namizədlərin efir vaxtı daralır

Namizədlərin efir vaxtı daralır
  21 Avqust 2013    Oxunub:1176
Namizədlərin sayının çox olması efir vaxtının azalmasına hesablanıb
Oktyabrın 9-da keçiriləcək prezident seçkisində qeydə alınmış namizədlərə Ictimai Televiziya və Radio Yayımları Şirkəti ödənişsiz efir vaxtı ayıracaq.

Seçki Məcəlləsinin 80-ci maddəsinə (Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri) əsasən, prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda-red). Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.

Seçki qanunvericiliyinin tələblərinə görə, seçkiqabağı təşviqat sentyabrın 16-dan oktyabrın 8-i səhər saat 8-dək aparıla bilər. Bu, üç həftə (16-22 sentyabr, 23-29 sentyabr, 30 sentyabr-6 oktyabr) efir vaxtı deməkdir.

Namizədlərin sayı artdıqca onlara ayrılan vaxt da azalır. Televiziyada 3 saat ödənişsiz efir vaxtını (180 dəqiqəni) hazırda namizədliyini irəli sürən şəxslər arasında böləndə hərəsinə 15 dəqiqəyə yaxın vaxt düşür. Ictimai Televiziya efir vaxtını həftədə üç dəfə ayırsa, hər namizədin danışmaq imkanı 4-5 dəqiqə olacaq.
S.Həsənova


Teqlər:  





Xəbər lenti