Dünyanın iki nəhəng ölkəsi arasında ticarət müharibəsi
AzVision.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Vaşinqtonun Çinə qarşı ticarət tariflərinin növbəti mərhələsi qüvvəyə mindikdən sonra Pekin ABŞ-la bütün ticari-iqtisadi danışıqları ləğv edib.
Çinin “Xinhua” dövlət agentliyi isə bildirib ki, Çin Dövlət Şurasının bu gün dərc etdiyi “ağ kağız”da Vaşinqtonla ticarət danışıqlarının bərpa edilməsi üçün Pekinin qapıları açıq saxladığı qeyd edilib. Lakin sənəddə vurğulanıb ki, bu, əgər danışıqlar qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında baş tutarsa mümkündür.
Qeyd edək ki, Vaşinqtonun Çin mallarına 200 milyard dollarlıq 10% əlavə gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərarı bu gün qüvvəyə minib. Pekin isə ABŞ-ın bu addımına cavab olaraq, öz növbəsində ABŞ-dan idxal olunan 5200 adda məhsula 60 milyard dollarlıq əlavə tariflər tətbiq edib.
Vaşinton həmçinin, bu gün qüvvəyə minən ticarət tariflərinin 2018-ci ilin sonundək 25 faizə qadırılacağını bəyan edib. Bundan əvvəl isə hər iki ölkə bir-birindən idxal edilən mallara 50 milyard dollarlıq əlavə gömrük rüsumu tətbiq ediblər – 6 iyulda 34 milyard, avqustda isə 16 milyard dollar həcmində. İlk olaraq ticarət müharibəsinə start verən Vaşinqton bu addımını Çinlə ticarət dövriyyəsində ABŞ-ın 500 milyard dollar defisitlə üzləşməsilə əlaqələndirib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


