“Siyasi oyunlardan əl çəkin!” – Trampdan xəbərdarlıq
“Hondurasdan böyük bir yeni miqrant karvanı bizim cənub sərhədlərimizə doğru yaxınlaşır. Nensiyə (Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi) və Çaka (Senatda demokratların lideri Çak Şumer) deyin ki, ətrafda uçan pilotsuz uçuş aparatları onların qarşısını ala bilməyəcək. Bunu yalnız divarlar bacarar. Yalnız divarlar və ya polad hasarlar bizim ölkəmizi təhlükəsizlikdə saxlaya bilər. Siyasi oyunlar oynamağa son qoyun və “şatdaun”u dayandırın!” - Tramp yazıb.
Qeyd edək ki, 22 dekabrdan etibarən ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər.
Tramp isə bildirib ki, əgər demokratlar kompromisə gəlməsələr, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edəcək. Onun sözlərinə görə, bu cür rejimdə ABŞ-ın Meksika ilə sərhədindəki “divar çox sürətlə tikiləcək”.
ABŞ qanunvericiliyi büdcə təsdiq olunmadan federal hökumətə işləməyi qadağan edir. İndiki “şatdaun”un davam etməsi nəticəsində federal hökumətin 380 min işçi pulsuz məzuniyyətə göndərilib. Hazırda işləyən digər 420 min nəfər isə yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra maaşlarını ala biləcəklər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Meksika Honduras ABŞ Şatdaun