Polşa səfirliyi viza verməyə başlayır

Polşa səfirliyi viza verməyə başlayır
  22 İyul 2020    Oxunub:7710
İyulun 27-dən etibarən Polşaya getmək istəyənlərə milli vizanın verilməsinə başlanılacaq.
Azvision.az Polşanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Konsulluq və Polşa Diasporu Departamenti bildirib.

Qeyd edilib ki, şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda (konsulun qərarı ilə) qəbul olunur. Viza ilə bağlı müraciət etmə ehtimalı yalnız Polşanın ərazisinə daxil olmaq üçün səlahiyyətli şəxslərə şamil olunur.

Müraciət etmək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:

1. Konsulluğun qarşısında gözləyənlərin sayını azaltmaq məqsədilə təyin edilmiş vaxtda gəlmək lazımdır,

2. Vətəndaşlar arasında 2 metr məsafə saxlanılmalıdır, səfirliyin və konsulluğun qarşısında 5 nəfərdən çox toplaşmaq olmaz,

3. Konsulluğa daxil olarkən qoruyucu maskanın taxılması və əllərin dezinfeksiya edilməsi vacibdir,

4. Konsulluğa müraciət edən şəxslə birlikdə gələn digər insanlar binaya buraxılmır.

Məlumatda deyilir ki, qəbul günü və vaxtı təyin olunmayan, habelə vaxtı təyin olunsa da, hər hansı səbəbdən gecikənlərə xidmət göstərilməyəcək.

Viza üçün müraciət etmək istəyən şəxslər məlumatlarını göstərilən elektron poçt ünvanına göndərməlidirlər: [email protected]. Bu məlumat yerləşdirildiyi tarixdən əvvəl viza üçün göndərilmiş elektron müraciətlərə baxılmayacaq.

Elektron poçtla göndərilən məlumatlar aşağıda qeyd olunanları ehtiva etməlidir:

1. Ad və soyad,
2. Əlaqə nömrəsi,
3. Səfərin məqsədi.

a) iş vizasının alınması məqsədi ilə elektron qeydiyyat üçün:

İş icazəsinin skan forması,
b) tələbə vizasının alınması məqsədilə elektron qeydiyyat üçün:

Əcnəbi tələbənin qəbul və ya təhsilin davam edilməsini təsdiq edən sənədin skan edilmiş forması (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli qərarına əsasən).

Konsulluq və Polşa Diasporu Departamenti bildirir ki:

- Yuxarıda qeyd olunan şərtlərə uyğun olmayan emaillar (elektron yazışmalar) qeydə alınmayacaq və cavabsız qalacaqlar;

- Bir elektron ünvanından yalnız bir nəfər üçün müraciət qəbul olunacaq;

(Eyni şəxs haqqında dəfələrlə göndərilən elektron məktublar nəzərə alınmayacaq)

- Şəxslər/vasitəçi şirkətlər və gələcək işəgötürənlər tərəfindən göndərilən sorğu/müraciətlərə baxılmayacaq;

- Konsulluq sorğuların qeydiyyatı zamanı texniki yardım göstərmir.

Müraciətin edilmə tarixi və vaxtı qeyd olunan email (elektron məktub) alındıqdan sonra aşağıdakılar edilməli:

https://secure2.e-konsulat.gov.pl saytına keçid alınmalı, menyu bölməsində "Milli viza - formanı doldurun" forması seçilməli və viza forması doldurduqdan sonra çap olunmalı və imzalanmalıdır.

Vətəndaşların nəzərinə! Konsulluq və Polşa Diasporu Departamenti vasitəçi təşkilatlar, habelə viza almaq üçün konsulluq prosedurunda iştirak etməyən şəxslərlə əməkdaşlıq etmir!

Viza üçün qeydiyyat pulsuzdur.

Konsulluq insanlardan görüşün planlaşdırılan tarixi ilə bağlı cavab gözləyərək, anlayışlı və səbirli olmağınızı xahiş edir.

Müraciətlərə, daxil olan elektron məktubların və mövcud yerlərin sayından asılı olaraq mümkün qədər tez bir zamanda cavab veriləcək. Konsulluq xahiş edir ki, insanlar viza müraciəti üçün gecikməsin, təyin olunmuş tarixdə və vaxtda konsulluğa yaxınlaşsın. Amma adamlardan səfirlik və konsulluq binasının qarşısında toplaşmamaq xahiş edilir.
Yuxarıda qeyd olunan qaydalara riayət edilmədikdə, viza müraciətlərinin qəbulu növbəti bildirişə qədər dayandırılacaq.

Konsulluq daha sonra qeyd edir:

Polşa Respublikasının Bakıdakı konsulu, Polşanın konsulluğu tərəfindən verilmiş "D" tipli vizanı alan şəxsə ilk giriş ölkəsinin sərhəd keçidində ölkəyə giriş üçün icazənin verilib-verilməyəcəyinə görə cavabdehlik daşımır, bu fakt vizanın verilməsinə təsir göstərmir.

Xarici vətəndaşlar bu məlumatları ilk giriş edəcək ölkə ilə dəqiqləşdirməlidirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Polşa   Viza  



Xəbər lenti