Yaralı erməni hərbçinin ailəsi yardım üçün yalvardı

 Yaralı erməni hərbçinin ailəsi yardım üçün yalvardı
  08 Dekabr 2020    Oxunub:1903
Ermənistanda müharibədən sonra yaralı hərbçilərlə heç kim maraqlanmır. Onlara nə dövlət qayğısı göstərilir, nə də problemləri həll olunur.
Azvision.az xəbər verir ki, erməni mətbuatında son günlər müalicə üçün pul axtaran hərbçilərlə bağlı silsilə yazılar dərc edilir.

Yardım üçün imdad diləyən 30 yaşlı hərbçi Vaaqn Ovanisyanın həyat yoldaşı çətin duruma düşdüklərini deyib. Satenik Mxeryan bildirib ki, əri iki ay ərzində əməliyyat olunmasa, həyatını itirəcək. Onun sözlərinə görə, dövlət qurumlarına etdikləri müraciətlər hələ də cavabsız qalıb.

“Ərim müqavilə ilə xidmətdə olan hərbçidir və əvvəlcə Cəbrayılda döyüşdü. 22 oktyabrda ağır qəlpə yaraları aldığı üçün xəstəxanaya yerləşdirildi. Ayaqları güclü ağrılar verir və bütün sinirləri zədə alıb. Amma əsas problem bağırsağının yararsız hala düşməsindədir. Əgər onu ölkəmizdə əməliyyat edə bilsələr belə, ölüm riski yüksəkdir. İndi bizim iki ay vaxtımız qalıb ki, ərimi ya Almaniyada, ya da Fransada əməliyyat etdirib həyatda saxlayaq”.

Transplantasiya ilə yanaşı əməliyyatın 25 min avroya başa gəlməsinin problem olduğunu deyən Stenik hazırda ərinin onkoloji xəstəxanaya yerləşdirildiyini söyləyib:

“Kimsəyə Vaaqn kimi yıxılmağı arzu etmirəm. Kimin maddi imkanı çatırsa, açdığımız bank hesabına pul yardımı etsin. Ermənistanda belə əməliyyatları həyata keçirə bilmirik deyirlər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Yaralı   Hərbçi  



Xəbər lenti