“Ermənilər ölən əsgərlərin jiletlərini geyinirdilər”

 “Ermənilər ölən əsgərlərin jiletlərini geyinirdilər”
  11 Dekabr 2020    Oxunub:2131
Ermənistanın “Blognews.am” saytının rəhbəri Aram Gevorqyan məğlub olduqları müharibə ilə bağlı ölkəsində yaşanmış rəzalət haqqında danışıb.
Azvision.az xəbər verir ki, onun fikirləri erməni mediasında geniş müzakirələrə yol açıb.

Gevorqyan deyib: “Bir qədər uzun olacaq, amma fikirlərimi sonadək dinləyin. Hər gün xeyli sayda real şəxslərdən məlumatlar alıram ki, sən demə, onlar zirehli jilet olmadan döyüşdükləri üçün əsgər yoldaşlarını itiriblər. Hətta övladları itkin düşən valideynlərdən də eşidirik ki, həmin əsgərlər xüsusi jiletlərlə təmin edilmədən döyüş əməliyyatlarına göndərilirlərmiş. Bir komandir isə demişdi - “Biz ona görə jiletləri vermirdik ki, general Makaryandan bununla bağlı əmr almamışdıq". Elə əsgərlərimiz vardı ki, onların üzərində Azərbaycan ordusuna aid, döyüşdən sonra həlak olan əsgərin zilehli jiletləri var idi. Bu zirehli jiletlərin bazar qiyməti 20-30 min dramdır axı. Topdan alındıqda isə xeyli ucuz başa gəlir. Təxmini 45 minlik ordu üçün hesablasaq, cəmi 2 milyon dollar tələb edilirdi. Axı bu adi hərbi forma deyil ki, sonradan köhnəlib çürüyən məhsul olduğunu düşünüb almayardınız. Tutaq ki, bu məhsul 90 minlik ordumuz üçün alınacaqdı. Bu da cəmi 4 milyon dollar edir. Qısası, “mafiya qruplar”ı (Nikolu qoruyan dəstələr - red.) da daxil olmaqla bütün ordu qüvvələrinin zirehli jiletlə təmin edilməsi 8 milyon edərdi. Görülməli olan ilk işiniz bu olmalı idi. Fərqi yoxdur sizin “Smerç”ləriniz, “Qrad”larınız çox idi, ya yox. İlk almalı olduğunuz şeylər bu cür jiletlər və kaskalar idi”.

Gevorqyan qeyd edib ki, bu cür xərclər üçün kifayət qədər pulun olmadığı bildirilir:

“Deyirlər ki, əvvəlkilər hərbi büdcəni talayıblar. Bilirdinizmi ki, kimsəsizlər Nikoldan 2018-ci ilin aprelindən 2020-nin mayına kimi nə qədər “bonus” vəsait əldə edib? Bilmirsiniz... Amma mən deyim bilin - 108 milyon dollar! Son ayları heç nəzərə almadım. Baş satqının 4 Су-30 qırıcısı üçün nə qədər ödədiyini də bilirsiniz? Hansılar ki, müharibə zamanı raketləri olmadığı üçün havaya belə qalxmadılar. 90 milyon dollar! Əvvəlkilər də belə etmişdilər. Yaxud milyonlarla dollara silah alsanız da bizi aldatdınız, demədiniz ki, raketsiz almışıq. Amma müharibədə “Erato” dəstələrinin daha az faydalı olduqlarını göstərdiniz. Bəli, eratolardan danışdınız. Xatırlayıram. İlk xatirəm zirehlə, silahlarla respublika meydanına çıxanlarla bağlı idi. Sanki onlar əllərində Nikolun ləl-cəvahiratlarını tutur, qoruyurdular.

İkinci xatirəmdə isə fotolarda dodaq boyası, hərbi ləvazimatları hətta “taktiki eynək”ləri belə yerində olan eratoçularla bağlı idi. Nikol şəhərin mərkəzindəki “banda”larını bu cür hər vəchlə qoruyur, amma əsgərləri elementar hərbi ləvazimatla təmin etmədən döyüşlərə göndərirdi. O, özünün işlərinə yüz milyonlarla dollar sərf edirdi, amma 8 milyon dollar tapmadı ki, zirehli jilet problemini birdəfəlik həll etsin. Yaxud da zirehli jiletlər olub, yararlı imiş. Sadəcə general əmr veribmiş ki, paylanmasın! Hə, mənə deyin ki, o satqın deyil”.

Erməni jurnalist daha sonra qeyd edib ki, xalq sinəsini qoruya bilməyən erməni əsgərlərinin ölümündən sonra bu gün dövlət binalarının qarşısında iki tərəfli zirehli jiletlərlə təmin olunmuş polis dəstələrini görür.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zirehlijilet   Paşinyan   Erato   Satqın  



Xəbər lenti