“Paşinyanın yallısını quyruğuna bağlayıb göndərdik” - Xalq şairi

“Paşinyanın yallısını quyruğuna bağlayıb göndərdik” -  Xalq şairi
  07 Yanvar 2021    Oxunub:1380
"Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması xalqın tarixlərlə yaşatdığı fikri rəsmiləşdirdi. Xalqımız hər zaman Şuşanı mədəniyyət mərkəzi kimi qəbul edib".
Bunu Azvision.az -a Xalq şairi Vahid Əziz deyib.

O bildirib: "Mən hesab edirəm ki, Şuşa ilə bağlı verilən qərar çox düzgündür. Eyni zamanda bu ilin "Nizami Gəncəvi ili" elan olunması yerinə düşən qərar oldu. Bədnam qonşularımız Gəncəni bombaladılar, insanların həyatına son qoydular. Bu qərar gəncəlilərin qeyrətinə, cəsarətinə və onların ulu əjdadı olmuş Nizami Gəncəviyə böyük hörmətidir. Mən hələ çoxdan Nizami haqqında yazmışdım ki, "görünür, Nizami boyda bir nəhəngi dünyaya gətirmək üçün Kəpəz dağı silkələnib dağılmalı imiş". Nizami Gəncəvinin adına göydə bir ulduz da var. Qeyd etmişdim ki, "görünür, göydə ulduz olub parlamaq üçün bir ulduz olmaq lazımdır". Bunları gənclik illərimdə yazmışdım. Bu il də ona yaraşan şeirlərim olacaq. Ölkə başçımızın hər iki qərarını alqışlayıram. Nizami ili ədəbiyyatımızı, rəssamlığımızı fəallaşdıracaq. Onun obrazına yeni-yeni rəssamlıq əsərləri yaranacaq. Görün, müharibə dövründə nə qədər vətənpərvərlik mahnıları yarandı. Bu il Şuşa, Gəncə, Nizami mövzusuna qayıdış olacaq. Bununla bağlı rəsm, heykəltaraşlıq müsabiqələri elan oluna bilər. Gəncə haqqında çoxdandır ki, yeni mahnı yoxdur, bu qərar təkan verər. "Şuşa sənə qayıtmışıq" adlı şeir yazmışam. Xanım İsmayılqızı musiqi bəstələyib. Yaxın vaxtlarda ifa olunacaq".

V.Əzizin sözlərinə görə, biz təkcə Şuşaya deyil, Xankəndinə də qayıdacağıq:

"Bəzi adamların ürəyi sıxılır ki, Xankəndində ermənilər elə etdilər, belə etdilər. Bunlar boş şeylərdir. 5 il bundan qabaq kimin ağlına gələrdi ki, 44 gün ərzində Azərbaycanın torpaqları geri alına bilər. İnanırdım, amma belə tez bir zaman ərzində torpaqların azad olunacağını ağlıma gətirmirdim. Ona görə deyirəm ki, Xankəndi ilə bağlı məsələlər də qaydasına düşəcək. Nə olsun ki, Ermənistanın nümayəndəsi gəlib orada iclas keçirir. Paşinyan da Şuşada yallı gedirdi. Axırı nə oldu?! Yallısını quyruğuna bağlayıb göndərdik. Qarabağda 25- 30 min erməni var. 25 minlik əhalinin nə naziri olacaq. Azərbaycanda bir rayonunun elə 75 min sakini var. Ağdamın 200 min əhalisi var idi. Xankəndindən 50 mindən çox azərbaycanlı qaçqın düşüb. Onlar geri qayıdandan sonra görüm ermənilər hökumət qura biləcəklərmi? Hamısı quyruqlarını qısıb qaçacaqlar".

Şəhanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-şairi   Şuşa   Gəncə  






Xəbər lenti