“Antimilli ünsürlərin arzusu ürəklərində qaldı” - Siyavuş Novruzov

 “Antimilli ünsürlərin arzusu ürəklərində qaldı” -  Siyavuş Novruzov
  11 Yanvar 2021    Oxunub:2431
"Keçən ilin iyulunda Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatından sonra Azərbaycan Ordusuna dəstək aksiyası zamanı parlamentə hücum edən, dağıdıcılıqla məşğul olanların cinayət məsuliyyətinə cəlbi bəzi antimilli ünsürlər tərəfindən qərəzli şəkildə şərh edildi".
Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.

Komitə sədrinin sözlərinə görə, onlar bunu hətta “İnsan hüquqları pozuntusu” kimi qiymətləndirdilər. Məqsəd ölkəmizdəki xalq-iqtidar birliyinə kölgə salmaq və təxribat vasitəsilə daxili qarşıdurma yaratmaq idi. Amma niyyətlərinə çata bilmədilər: "O zaman həmin qanun pozuntusuna yol vermiş şəxsləri müdafiə edənlər bu gün ABŞ-da Kapitoliyə hücum edənləri terrorçu adlandırırlar. Və ya Əli Kərimli ödənişini etmədiyinə görə interneti kəsiləndə bunu “ölkədə demokratiya yoxdur” kimi qələmə verənlər Donald Trampın sosial şəbəkələrdə hesablarının bloklanmasını normal qarşıladılar. Bu da radikal ünsürlərin növbəti riyakarlıq nümunəsidir”.

S.Novruzov qeyd edib ki, sapı özümüzdən olan baltalar”ın çirkin niyyətləri, antimilli fəaliyyətləri bununla da bitmir. Onlar həmin vaxt tez-tez “payızda hakimiyyətə gələcəyik” fikrini təkrarlayırdılar. Deməli, bilirdilər ki, işğalçı Ermənistan sentyabrda Azərbaycana qarşı hücuma keçəcək, növbəti təxribat törədəcək:

“Düşünürdülər ki, AXC-Müsavat hakimiyyəti dövründə olduğu kimi, ölkəmizdə yenə siyasi oyunlar baş verəcək, Ermənistan yeni ərazilərimizi işğal edəcək və yaranacaq böhrandan istifadə edib hakimiyyətə gələcəklər. Amma mənfur xislətlərinə uyğun bədbin istəkləri gerçəkləşmədi. Ermənilərlə əlbir hərəkət edən bu antimilli ünsürlər Azərbaycanın möhtəşəm Qələbə qazanmasından sonra məyus oldular. Azərbaycan Ordusunun gücünü şübhə altına almağa çalışan, Silahlı Qüvvələrimizə yönəlik böhtan yayan bu antimilli ünsürlərin qarayaxma kampaniyası bu möhtəşəm Zəfərin, Azərbaycanın “dəmir yumruğu”nun altında əzildi”.

S.Novruzovun sözlərinə görə, radikallar elə əvvəlki dövrlərdə də özlərini bu cür ifşa ediblər. Onlar bir müddət əvvəl ölkəmizdə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsini istədiklərini özləri etiraf etmişdilər:

“Bu, birmənalı olaraq xalqa qarşı düşmən mövqeyi ortaya qoymaqdır. Həmçinin bir vaxtlar neftin qiymətinin düşməsini sevinclə qarşılayan antimilli ünsürlərin bu arzusu da ürəklərində qaldı. Neftin qiymətinin düşməsi barədə danışarkən dəfələrlə “maşallah” sözündən istifadə edən radikalların bu məsələyə görə sevinclərinin həddi-hüdudu olmamasını aşkar nümayiş etdirmələri onların xalqa və dövlətə düşmən münasibətini göstərir. Hətta onlar düşünmürdülər ki, neft gəlirlərindən istifadə olunması sayəsində ölkə iqtisadiyyatının inkişafı nəticəsində Azərbaycan öz vətəndaşlarına hərtərəfli diqqət və qayğı göstərir.
Təbii ki, bütün bunların bir səbəbi var: onlar ermənipərəst dairələrdən, elə erməni lobbisindən göstəriş alırlar. Belə olan halda, utanc hissi keçirməli olan radikal ünsürlər hansı haqla xalqın qarşısına çıxırlar və hələ də hansı üzlə danışırlar?”

Tural Tağıyev
Azvision.az


Teqlər: SiyavuşNovruzov  






Xəbər lenti