8 nəfər sirkə turşusundan zəhərləndi, bir qadın öldü

 8 nəfər sirkə turşusundan zəhərləndi,  bir qadın öldü
  05 Fevral 2021    Oxunub:1975
Bu ilin yanvar ayında 8 nəfər sirkə turşusundan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.
Bu barədə Azvision.az -a açıqlamasında Mərkəzin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, sirkə turşusu zəhərlənməsi ilə gələnlərin biri, təxminən 40 yaşlarında qadın dünyasını dəyişib.

"7 nəfər sağalaraq evə yazılıb. Bundan əlavə, 14 nəfər dərman zəhərlənməsi ilə əlaqədar müraciət etmişdi ki, bunlardan 2-si uşaqdır. Eyni zamanda allergik reaksiya ilə 11 nəfər daxil olub. Onlardan 2 nəfəri şok vəziyyətində idi. Hər biri müalicə olunaraq evə buraxılıb. Allergik reaksiya əsasən həkim təyinatı ilə yazılan dərmanlarda olub. Bədənin həssaslığı nəticəsində reaksiya verib. İndi qış aylarıdır, bədənin müqaviməti zəifdir. Dərmanın yaxşı olmasına baxmayaraq, əlavə təsirləri ola bilər".



Baş toksikoloqu onu da qeyd edib ki, son iki həftə ərzində koronavirusa qarşı vaksinasiya ilə əlaqədar 4-5 nəfər şöbəyə müraciət edib. "Onlarda kəskin ağır vəziyyət olmayıb. Məsləhətlə gəliblər. Bəzilərində qızarıqlıq, bəzilərində iynə vurulan yerdə allergik reaksiya olub. Onlara da məsləhət verilib, evə yazılıblar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Zəhərlənmə  






Xəbər lenti