Erməni faşizminə növbəti zərbə: “Dəmir yumruq” yenə öz gücünü göstərdi

  Erməni faşizminə növbəti zərbə:  “Dəmir yumruq” yenə öz gücünü göstərdi
  13 Fevral 2021    Oxunub:14693
Ermənistan faşist abidələrinin sayına görə dünyada öndə gedən dövlətlər sırasındadır. Azərbaycan uzun illər idi ki, bu ölkədə işğalçılıq siyasəti ilə paralel olaraq bütün dünya üçün təhlükə vəd edən millətçilik və faşizm ideyalarının yaşadıldığını bəyan edirdi. Dünya isə bunu ya eşitmək, ya da görmək istəmirdi.
Nəhayət, Ermənistan hakimiyyəti 2016-cı ildə İrəvanın mərkəzində tarixə satqın kimi düşən Qaregin Njdeyə 6 metrə yaxın abidə qoymaqla ölkədə faşizmin qəhrəmanlaşdırılmasına start verdi. Bununla bəşəriyyətə göstərdilər ki, Ermənistanda faşizm ideyaları dövlət siyasətinin ana xəttini təşkil edir. Təəssüf ki, Azərbaycandan başqa heç kim buna etirazını bildirmədi. Vaxtilə bəşəriyyətin fəlakətinə çevrilmiş faşizmdən əziyyət çəkən ölkələr belə susdu, əksinə işğalçıya dəstək verdi və dağıdıcı ideologiyanın yaşadılmasında bir növ onlar da səbəbkar oldular. Azərbaycan isə susmadı, region üçün təhlükə saçan faşizmə qarşı amansız mübarizəyə başladı və bütün beynəlxalq tribunalarda İrəvanın mənfur siyasətini ifşa etdi.

Hələ 2019-cu ildə Prezident İlham Əliyev Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirmişdi ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

“Ermənistanda əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”, -deyə ölkə başçısı məlum çıxışında vurğulamışdı.



Çox keçmədi ki, işğalçılığı, faşizmi "qəhrəmanlıq" kimi qələmə verən Ermənistan öz layiqli cəzasını aldı. Ötən il Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanaraq uzun illər işğal altında qalan ərazilərini azad etməklə həm böyük qələbəyə imza atdı, həm də erməni faşizminə sarsıdıcı zərbə vurdu. Cəmi 44 gün ərzində haqq-ədalət öz yerini tapdı. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və Ali Baş Komandanın dəmir yumruğu sayəsində erməni millətçiləri, Njdeni özünə qəhrəman hesab edən işğalçılar tarixi torpaqlarımızdan qovuldular.

Təsadüfi deyil ki, ikinci Qarabağ müharibəsi dövründə və İrəvanın kapitulyasiya aktına qol atmasından sonra da Prezident İlham Əliyev erməni faşizmindən söz açaraq, dağıdılmış kənd və şəhərlərimizdəki mənzərələri dünyaya göstərdi.

“Göyərçin Veysəlli kəndindəyik. Erməni faşistlər tərəfindən dağıdılıb. Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyib. Görün, biz hansı vəhşi düşmənlə üz-üzə idik, biz hansı şər qüvvələri məğlub etdik?! Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik”, - Prezident azad olunmuş ərazilərə səfəri zamanı demişdi.

Ölkə başçısının çıxışlarında qeyd etdiyi kimi, xalqımızın milli birliyini, həmrəyliyini əks etdirən “dəmir yumruq” sayəsində Azərbaycan yalnız öz əzəli torpaqlarını deyil, ümumilikdə regionu faşistlərdən, faşizmi ən ümdə ideya sayan vəhşi toplumdan xilas etdi. 30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarını işğalda saxlayan, mülki insanlara qarşı soyqırımı törədən, şəhərləri, kəndləri yerlə yeksan edən, tarixi abidələri dağıdan işğalçılar sabah regionun digər ölkələri üçün də bu vəhşilikləri təkrarlaya bilərdilər. Heç kim belə faciənin yaşanmayacağına zəmanət verə bilməzdi. Azərbaycan regionun xilaskarı missiyasını öz üzərinə götürərək faşist Njdenin tərəfdarlarına döyüş meydanında layiq olduqları dərsi verdi.

Artıq erməni faşistlərinə öz yerini göstərən 44 günlük Vətən müharibəsinin bitməsindən 4 ay ötür. Təəssüf ki, kapitulyasiyadan sonra da bəzi ermənilər faşizm ideyalarından əl çəkməyəcəklərini nümayiş etdirməyə çalışırlar. Azərbaycan da öz növbəsində hər dəfə “dəmir yumruğ”un yerində olduğunu qarşı tərəfə göstərir. Qələbəmizin rəmzinə çevrilən “dəmir yumruq” öz gücünü bu dəfə işğaldan azad edilmiş tarixi ərazilərimizin bir qismində yaşayan ermənilərə nümayiş etdirdi.

Belə ki, Xocavənd şəhərində təxribat məqsədilə yerləşdirilən faşist Njdenin heykəli sökülərək ərazidən uzaqlaşdırıldı. Ermənistan mətbuatının yaydığı məlumata görə, Njdenin heykəli Azərbaycan tərəfinin sərt tələbi əsasında sökülərək hansısa muzeyə verilib.

Ermənistan parlamentinin sabiq deputatı Sofya Ovsepyan yerli KİV-ə açıqlamasında məlumatı təsdiqləyərək deyib: “Njdenin abidəsi azərbaycanlıların tələbi ilə sökülüb və Tarix Muzeyinə aparılıb”.



Əlbəttə, ölkə başçısı müharibə yekunlaşandan sonra dəfələrlə bəyan etmişdi ki, əgər qarşı tərəf yenidən revanş xəyalına düşsə və ya Azərbaycana qarşı hansısa formada təxribatlara cəhd etsə, yenə ermənilər öz başlarında dəmir yumruğumuzu görəcəklər. Bu da sübutu-Xocavənddə faşizm ideyasının əbədiləşdirilməsi cəhdinin qısa zamanda qarşısı alındı.

Xocavənd beynəlxalq qanunlarla tarixi Azərbaycan torpağıdır, İrəvandan fərqli olaraq burada hansısa satqın faşist erməniyə, ümumiyyətlə, faşizm ideyalarının carçısı olan birinə heykəl qoyulması qətiyyən yolverilməzdir. Artıq regionda situasiya dəyişib, Azərbaycan yeni reallıqlar yaradıb, indi söz sahibi yalnız rəsmi Bakıdır. Əgər gələcəkdə ermənilərin bir də belə cəhdləri olsa, şübhəsiz ki, onların istənilən təxribat xarakterli addımlarının qarşısı dərhal alınacaq.

Ermənilər unutmasınlar ki, “Dəmir yumruq” öz yerindədir və hər zaman erməni faşizminin başını əzəcək!

Tural Tağıyev
Azvision.az


Teqlər: Dəmir-yumruq   Njde   Ali-baş-komandan   Xocavənd   İrəvan   Heykəl  






Xəbər lenti