“Əfv humanizm və mərhəmətin göstəricisidir” - Komissiya üzvü
“Bu sərəncama görə, cənab Prezidentə təşəkkürümüzü bildiririk. Məlum olduğu kimi pandemiya səbəbindən ötən il əfv komissiyası toplaşmamışdı və 2020-ci ilin sentyabr ayında komissiyanın tərkibi dəyişmişdi. Əfv Məsələləri Komissiyasına yeni sədr və üzvlər əlavə olundu. İşlər çox idi, xeyli baxılmalı, araşdırılmalı olan sənədlər toplanmışdı. Komissiyanın on iclası oldu ki, bu iclaslarda mindən artıq müraciətə baxıldı. Hər bir müraciət ətrafında müzakirələr aparıldı və iclaslar bəzən beş saat, adi hallarda üç saat çəkirdi. Komissiyanın hər bir üzvü müraciətlərə öz münasibətini bildirir, məsələlərə həssaslıqla yanaşaraq səsvermə nəticəsində qərarlar qəbul olunurdu. Nəticədə hesab edirəm ki, daha çox məhkuma şamil olunan siyahı hazırlandı. Əvvəldən maksimum çalışırdıq ki, komissiyanın iclasları Novruz bayramına qədər yekunlaşsın, sənədləri toplayıb cənab Prezidentə təqdim edək. Çox yaxşı oldu ki, ayın 17-də sonuncu iclası keçirdik və bayram öncəsi - martın 18-də sərəncam imzalandı”.
Sərəncamın 625 nəfərə şamil olunduğunu deyən Rəşad Məcid əslində bu əfvdən daha çox məhkumun yararlandığını bildirib:
“Bir sıra məhbuslar var ki, onların cəzasının bitməsinə az müddət qalıb. Bir, iki və ya üç ay sonra azadlığa çıxacaq məhbuslar əfv sərəncamı ilə yox, məhkəmələr qaydası ilə azadlığa buraxıldı. Təxminən belə kateqoriyadan olan məhbuslara da şamil olundu. Bu mənada bizim əfv siyahımız 650-dən də artıqdır və bu, son illərin ən çox məhkuma şamil olunan əfv sərəncamı sayıla bilər. Bir daha belə humanist addıma, sərəncamın bayram öncəsi ərsəyə gəlməsinə görə cənab Prezidentə təşəkkürümüzü bildiririk”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


