Nyu-Yorkda milli rəqslərimiz nümayiş olundu

Nyu-Yorkda milli rəqslərimiz nümayiş olundu
  21 Mart 2021    Oxunub:2548
ABŞ-ın Nyu-York şəhərinin “Times” meydanında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.
Novruz bayramı ərəfəsində Azərbaycanın adət-ənənələrini və milli rəqslərini ABŞ ictimaiyyətinə, turistlərə tanıtmaq məqsədilə reallaşan layihə Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlinin təşəbbüsü, Bruklin rayonunda fəaliyyət göstərən “Mənim yolum” ("My way") - Uşaq İnkişaf Mərkəzinin direktoru Alyona Bədəlovanın dəstəyi ilə baş tutub.

Nyu-York-da Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, milli musiqisini və rəqslərini qoruyub saxlayan, təbliğ edən “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin şagirdləri hər gün minlərlə turistin ziyarət etdiyi “Times” Meydanında rəqs ediblər.

Onlar milli geyimləri və göz oxşayan rəqsləri ilə iki saat ərzində bir neçə müxtəlif rəqs kompozisiyaları nümayiş etdiriblər. Məktəbli rəqqasların uğurlu performansları meydanı ziyarət edən insanların diqqətini çəkib. Rəqqasları maraqla izləyən ziyarətçilər onları alqışlayıb, foto və videolarını çəkiblər.

Azərbaycan-Nyu-York Assosiasiyasının aktiv üzvləri izləyicilərə Novruz bayramı haqqında məlumatların yer aldığı broşurlər paylayıblar.

Azvision.az


Teqlər: ABŞ   Milli-Rəqs  






Xəbər lenti