Azərbaycana qarşı ədalətsizlik vaksin bölgüsündə də özünü göstərdi

 Azərbaycana qarşı ədalətsizlik vaksin bölgüsündə də özünü göstərdi
  28 Mart 2021    Oxunub:2496
Azərbaycan vaksinlərin dünyada ədalətli və əlçatan şəkildə bölgüsünün təşəbbüskarı, eyni zamanda COVAX-a vaksin üçün regionda ilk müraciət edən ölkə olub. Buna baxmayaraq, biz kənarda qalmışıq, lakin COVAX tərəfindən qardaş Gürcüstana vaksinlər göndərilib. Təəssüf ki, ədalətsizlik və ikili standartlar burada da özünü göstərdi.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, inkişaf etmiş ölkələrdə vaksinləşmə sürətlə aparılır, amma iqtisadi imkanları məhdud və inkişaf etməkdə olan ölkələr isə vaksinləşmədən kənarda qalıb.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzi ölkələr tələbatdan 2-3 dəfə artıq vaksin idxal ediblər. Bu işdə dünyanın qütbləşdiyini müşahidə etdik. Ölkə başçımızı dünyada vaksinlərin ədalətli və əlçatan bölgüsünün təşkilində narahat edən məsələ bu idi. Təəssüf ki, bu, artıq baş verdi. Biz Prezidentimizin uzaqgörənliyi sayəsində öz ehtiyatımızı təmin etmişik. Vətəndaşlarımızın sağlamlığı bizim üçün hər şeydən üstün olduğundan dünyada ikili standartların olacağını nəzərə alaraq ehtiyat məqsədilə keyfiyyətli vakisinlər aldıq. Bu günədək yarım milyondan çox vətəndaşımız peyvənd olunub. Proses uğurla davam etdirilir. Biz Cənubi Qafqazda vakisinasiyaya başlamış ilk ölkəyik".



Deputat qeyd edib ki, Azərbaycan öz vətəndaşları ilə yanaşı, dünyada imkansız və koronavirusla əlaqədar ciddi çətinliklərlə qarşılaşmış ölkələrin vətəndaşlarının da sağlamlığını düşünür.

"Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiyaya qarşı mübarizənin effektiv və əhəmiyyətli təşkili məqsədilə dünyada ilk dəfə onlayn qaydada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatının iclasları keçirildi. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının toplantısında BMT-yə COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təklifi göndərildi və 130-dan çox dövlətin dəstəyi ilə həmin ilin dekabrında sessiya baş tutdu. Sessiyada Qoşulmama Hərəkatının başçısı kimi Prezident İlham Əliyev pandemiyaya qarşı beynəlxalq mübarizəni gücləndirməyi və vaksin istehsal olunduqdan sonra onun dünyada ədalətli və əlçatanlığı təmin edilmiş şəkildə bölgüsünün vacibliyini diqqətə çatdırdı.

Qeyd edək ki, ÜST Azərbaycanın COVID-19-a qarşı effektiv mübarizədə nümunəvi ölkə olduğunu açıqladı. Həm də vaksinlərin ədalətli bölgüsü və əlçatanlığın təmin edilməsi məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan ölkələrdən olduq. Prezident İlham Əliyev bilirdi ki, vaksinlərin bölgüsündə ədalətsizlik və ikili satandartlar özünü biruzə verəcək. Ona görə də vaksin istehsal olunanda Azərbaycan öz ehtiyatını görərək Çindən birbaşa 4 milyon doza keyfiyyətli peyvənd sifariş etdi".

A.Badamov qeyd edib ki, ölkə başçısının uzaqgörən siyasəti nəinki ölkəmizdə, həm də qlobal səviyyədə ədalətsizliklərin və ikili standartların aradan qaldırılmasına xidmət edir.

Xatırladaq ki, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Pandemiyaya qarşı qlobal mübarizədə fəallıq nümayiş etdirən Azərbaycan digər dövlətlər kimi COVAX-ın ədalətsiz yanaşması ilə üz-üzə qalıb və vəd olunan vaksinlər hələ də ölkəmizə təhvil verilməyib.

Bundan öncə COVAX Azərbaycan tərəfinə bəyan etmişdi ki, razılaşdırılmış qaydada vaksinlər ölkəmizə çatdırılacaq. Lakin müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, hələ də bu platforma tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər isə COVAX-dan Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin   Koronavirus   Peyvənd  





Xəbər lenti