Professor:  “Daha sərt karantin tədbirləri görülə bilər”

  Professor:  “Daha sərt karantin tədbirləri görülə bilər”
  29 Mart 2021    Oxunub:8369
Virus daim mutasiyaya uğrayır. Müəyyən məlumatlara görə, dünyada COVID-in 200-dən çox mutasiya olunmuş ştammı var. Bunların bəziləri tamamilə zəif, bəzilərində yoluxduruculuq qabiliyyəti, letallıq göstəriciləri kifayət qədər yüksəkdir. Xəstəliyin ayrı-ayrı şəxslərdə müxtəlif formada müşahidə edilməsinin bir səbəbi də budur.
Bunu Azvision.az -a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim bildirib ki, hazırda Avropada epidemioloji vəziyyətin pisləşməsi müşahidə edilir.

"Bəzi Avropa ölkələrində artıq rəsmən üçüncü dalğa qeydə alınıb. Ona görə də bir çox ölkələrdə yoluxma sayının artması, buna uyğun olaraq ölüm göstəricilərinin yüksəlməsi müşahidə olunur. Yeni ştammlarla bağlı hər ölkədə geniş və molekulyar səviyyədə tədqiqatlar aparılmır. Çox güman ki, digər ölkələrdə əmələ gələn xeyli mutasiya növləri də var. Ona görə virusun belə tüğyan etməsi təbiidir".

Həkim hesab edir ki, epidemioloji vəziyyət kəskinləşərsə, daha sərt karantin tədbirləri görülə bilər:

"Bu, əslində təmasların azaldılmasına yönələn addımdır. Vaksinasiyanın uğurla və intensiv aparılması vacibdir ki, mümkün qədər daha çox insan peyvəndləmədən keçsin. Çünki vaksinasiya səviyyəsi 70-75 faizə çatarsa, kollektiv immunitetin formalaşmaşından söhbət gedə bilər. Bizim əsas işimiz karantin qaydalarını nisbətən sərtləşdirmək, təmasları azaltmaq, vaksinasiyanı intensivləşdirməkdir. Məlumdur ki, COVAX platformasından vaxtında vaksin verilmədi. Bizə ikili standartlarla yanaşırlar. Amma Azərbaycan öz  imkanları, resursları ilə vaksini əldə edə bildi və Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan ölkə oldu. Artıq qonşu Gürcüstana COVAX platforması ilə ikinci partiya vaksin verilir. Bizə isə əvvəlcədən pulu ödənilməsinə baxmayaraq, indiyə qədər vaksin göndərilməyib. Bu, ədalətsizlikdir".

Qeyd edək ki, son gün Azərbaycanda koronavirus infeksiyasına yoluxma və ölüm hallarında sürətli artım müşahidə edilir. Yoluxmaların artması karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsini aktuallaşdırıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Karantin  






Xəbər lenti